Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Leqal.az-a FHN-in mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.