Bu gün səhər saatlarında Gəncədə məktəbdə 9-cu sinifdə oxuyan qızın məktəbli yoldaşını bıçaqlaması hadisəsinin təfərrüatı məlum olub.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçıb. Hələlik onun harada olması müəyyənləşməyib və axtarışları davam etdirilir.
Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meyilli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.
Bu gün baş verən hadisəyə gəlincə, bıçaqlanma ilk dərsdən sonrakı tənəffüsdə baş verib. 9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək qaçıb.
Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.
Bıçaqlanan qız xəstəxanaya yerləşdirilib.
14:14
Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə aydınlıq gətirilib.
APA xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib.
O qeyd edib ki, hadisə məktəbin koridorunda baş verib.
"Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq".
Təhsil İdarəsinin rəhbəri bildirib ki, hələlik hadisənin hansı səbəbdən baş verməsi tam olaraq aydın deyil:
"Polisin rəyini gözləməli olacağıq. Məlumata görə, şagirdlər arasında bundan əvvəl də konflikt olub".
13:30
Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib.
"Leqal.az"ın məlumatına görə, hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.
N.M. məktəbdə sinif yoldaşı S.A.-ya iki bıçaq zərbəsi vurub.
Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən məktəblərin birində təhsil alan IX sinif şagirdinin müxtəlif dərəcəli bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin məktəbliyə sinif yoldaşı olan digər bir qız tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinə müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək".