Kartdan pul çıxarmaq üçün onlardan kömək istəyən təqaüdçülərin pulunu oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib.
Bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib.
Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib.
Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayətləri etiraf ediblər. Araşdırma zamanı onların Ağcabədi rayonunda da eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladıqları məlum olub. Qeyd edək ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul oğurlayıblar. Faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.