Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanılıb.
Bu barədə "Leqal.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsi tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.
Belə ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir. O, aidiyyəti üzrə təhvil verilib.
Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Nihad Hüseynov “Instagram” sosial şəbəkə hesabında gecə vaxtı şəhərin mərkəzində avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərini paylaşıb. Belə ki, onun idarə etdiyi “Tofaş” markalı avtomobilin konstruksiyasına dəyişiklik edilib və dövlət qeydiyyat nişanı çıxarılıb.