Moldovada dördüncü prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, prezidentlik uğrunda 8 namizəd mübarizə aparır. Prezidentliyə namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək. Yerli sosioloji sorğulara əsasən, əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş nazir Maya Sandu arasında gedəcək.
Prezident seçkilərini 1884 yerli, 309 beynəlxalq müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri də var.
Səsvermə üçün 2 934 017 bülleten çap olunub, onlardan 2 168 620 bülleten rumın, 765 397 mini isə rus dilindədir.
Ölkədə prezident seçkiləri üçün 2 004 seçki məntəqəsi yaradılıb. Xarici ölkələrdə, o cümlədən Bakı da daxil olmaqla, 139 seçki məntəqəsi yaradılıb. Azərbaycanda hərbi vəziyyət elan olunduğundan Moldova MSK-ı Bakıda seçki məntəqəsinin saat 07:00-dan 18:00-a qədər fəaliyyət göstərəcəyi barədə xüsusi qərar qəbul edib.
Seçki məntəqələrinin hamısına video-müşahidə kameraları quraşdırılıb, səsvermə prosesi canlı yayımlanır.
Moldovada ilk dəfə səs verəcək seçicilərin sayı 43 340 nəfərdir. Bunlardan 22 271-i oğlan, 21 069-u isə qızdır.
Prezident seçkiləri koronovirusun yayılması ilə bağlı elan edilən karantin dövrünə düşdüyü üçün səsvermə zamanı xüsusi qaydalar tətbiq edilir. Koronavirus simptomlarını hiss edən və ya bu virusa yoluxan xəstələr evdən elektron səsverməyə qoşulacaq. Məntəqəyə gələn seçicilər isə temperatur yoxlanışından keçəcək və maska ilə girişinə icazə veriləcək.
Prezident seçkilərinin təhlükəsizliyinə Moldovanın 6 mindən artıq polis işçisi cəlb olunub.