İzmirdə dağıntılar altından üç nəfər xilas edilib. Onlar dağılan yeddimərtəbəli 21 mənzilli binanın ən üst mərtəbəsindən sağ çıxarılıblar.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, ilkin məlumata görə bölgədə beş bina tam dağılıb, dağıntılar altında qalanlar var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Yeraltı təkanların ardından Egey dənizinin İzmirin Seferihisar rayonu ərazisində tsunami baş verib. Təbiət hadisəsi nəticəsində dəniz daşıb. Bir çox iş yerləri və avtomobillər su altında qalıb.
Əhalinin evlərinə girməməsi, avtomobillərdən olduqca az istifadə edilməsi barədə xəbərdarlıq olunub.
Xatırladaq ki, oktyabrın 30-da vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.