Oktyabrın 29-da BMT-nin Cenevrədəki ofisi qarşında Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə almasına qarşı etiraz aksiyası keçirilib.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, aksiyada BMT-dən Gəncə, Bərdə və digər şəhərlərdə həyatını itirmiş insanlarla bağlı ədalətli yanaşma tələb edilib. Tədbir iştirakçıları çıxışlarında bildiriblər ki, bir beynəlxalq qurumun nüfuzu onun qəbul etdiyi sənədlərin kəsəri və icrasının təmin olunması qədərdir. Azərbaycan öz ərazilərində həyata keçirdiyi anti-terror əməliyyatları ilə həm də BMT Təhlükəsizlik şurasının dörd qətnaməsini icra edir və bununla da təşkilatın nüfuzunu xilas edir.
Aksiya iştirakçıları eyni zamanda BMT-ni öz qətnamələrinin arxasında durmağa çağırıblar və qeyd ediblər ki, Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, əksinə, 30 il əvvəl olduğu kimi yenə də dinc günahsız insanları azğıncasına qətlə yetirir. Cəbhədən on kilometrlərə uzaqdakı Azərbaycan şəhərləri hədəfə alınır.
Aksiya zamanı Cenevrə sakinlərinə, Dağlıq Qarabağ həqiqətlərindən və erməni terrorundan bəhs edən məlumat vərəqələri paylanılıb. Çıxış edənlər alman ingilis, fransız və italyan dillərində Gəncə, Bərdə və digər şəhərlərə endirilmiş raket zərbələrinin nəticələrilə bağlı ətraflı məlumat veriblər. Aksiyada hələ də işğal altında olan Azərbaycan şəhərlərinin adları sadalanıb və beynəlxalq qurumlardan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, eləcə də dinc əhaliyə qarşı terroruna son qoymağa çağırılıb.
Aksiyanın bəyanatı BMT-nin Cenevrə ofisinə və bu şəhərdəki beynəlxalq təşkilatların ofislərinə, eyni zamanda diplomatik nümayəndəliklərə təqdim ediləcək.