Milli Qəhrəmanlarımızın dağıdılmış məzarları bərpa olunub

Milli Qəhrəmanlarımızın dağıdılmış məzarları bərpa olunub
  • Cəmiyyət

  • Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində dağıdılmış məzarı yenidən bərpa olunub.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Həmçinin bildirilir ki, işğaldan azad olunmuş Qubadlıda Azərbaycanın Milli Qəhrəmanları Vasiliy Əliyev və Aqil Məmmədovun məzarları da bərpa olunur.

    Qeyd edək ki, Azərbaycanın tanınmış qəhrəmanı, Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.


    1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilib.

    Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

    1992-ci ilin aprel ayının 16-da "Qara bəbir" ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi.


    Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

    Digər Milli Qəhrəmanımız Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edib.


    Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasiliy ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı.

    Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı.

    Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görüldü.

    Qubadlının şəhidlər xiyabanında uyuyan Vasiliy Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.

    Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb. O, 7 avqust 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

    BAKU.WS
    PAYLAŞ:

    Oxşar xəbərlər