Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin giziri Şəhriyar Quliyevin xatirəsi əbədiləşdirilib. Sumqayıtda şəhidin adına inşa edilən bulağın açılışı olub.
LEQAL.AZ xəbər verir ki, tədbirdən əvvəl Şəhriyar Quliyevin döyüş yoldaşları, ailə üzvləri və yaxınları Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.
Sonra bulağın açılış mərasimi keçirilib. Şəhid Ş.Quliyevin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini, bir neçə texnikasını məhv edən Ş.Quliyev Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib.
Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə XTQ-nin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi, iki oğlu yadigar qalıb.
O, “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.