“YAŞAT” xeyriyyə marafonu: Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!

“YAŞAT” xeyriyyə marafonu: Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!
  • Cəmiyyət

  • Dünya azərbaycanlıları İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq informasiya savaşının sıravi əsgərlərinə çevrildilər və dövlətimizin haqlı mövqeyinin müdafiəsində fəal iştirak etdilər. Soydaşlarımız Ana Vətənin daim yanında olduqlarını bu gün “YAŞAT” xeyriyyə marafonuna qoşulmaqla davam etdirirlər.

    Bu il aprelin 29-da Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “YAŞAT” xeyriyyə marafonuna start verilib. Marafonla bağlı mayın 25-i saat 21:00-da Azərbaycan Televiziyasında bir neçə saatlıq yayım olacaq. Həmin proqramda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə, ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı bağlantılar yaradılacaq, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları çıxış edəcəklər. Daha sonra xeyriyyə marafonunun nəticələri ictimaiyyətə açıqlanacaq.

    Diasporla İş üzrə Dövlət Komitəsindən LEQAL.AZ-a bildiriblər ki, “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” şüarı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsidir. Marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib.

    İkinci Qarabağ müharibəsi bütün dünyaya azərbaycanlıların birliyini bir daha nümayiş etdirdi və müharibənin sadəcə ön cəbhə ilə məhdudlaşmadığını göstərdi. Azərbaycan Respublikasının bütün vətəndaşları ön və arxa cəbhədə möhtəşəm birlik nümayiş etdirdi. Bu birliyin bir parçası olan dünya azərbaycanlıları vətənpərvərlik nümayiş etdirərək, vətəndaşlıq borclarını yerinə yetirərək, bu gün "YAŞAT" xeyriyyə marafonuna qoşulur və qələbəni bizə yaşadanları bizimlə birgə yaşadır.

    Dünyanın bir sıra ölkələrində yaşayan, marafona dəstək verən çoxsaylı soydaşlarımız və tərəfdaşlarımız var. Bir aya yaxındır ki, tanınmış və nüfuzlu ziyalılarımız, Azərbaycana dost münasibəti bəsləyən insanlar, Azərbaycan Diaspor Könülləri və "Karabakh is Azerbaijan!" milli platformasının təmsilçiləri, ölkə mediası soydaşlarımızı "YAŞAT" marafonunda fəal iştirak etməyə səsləyir.

    Qələbəni bizlərə yaşadan qəhrəman oğullarımızı, onların şücaətlərini unutmayaq, unutdurmayaq, yenidən və hər zaman həmrəy olaraq, qələbəni bizlərə yaşadanları birlikdə yaşadaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər