Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Səyahət Departamentinin Azərbaycanda guya koronavirus infeksiyası və yüksək terror təhlükəsi ilə bağlı ABŞ vətəndaşlarına tövsiyəsi ilə bağlı məlumat yayıb.
LEQAL.AZ DTX-nin saytına istinadla xəbər verir ki, məlumatda qeyd olunub: “Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb.
Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Eyni zamanda, bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq-mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir”.