Xəbər verildiyi kimi, mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində üç nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən iki hərbi qulluqçunun həlak olması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin LEQAL.AZ-a daxil olan birgə məlumatında bildirilib ki, istintaq zamanı cinayət hadisəsinin iştirakçılarından biri - İran İslam Respublikasının vətəndaşı Həsənəli Bərgi təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Mayın 19-da saat 10 radələrində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və DSX-nın əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin digər iştirakçılarından biri - İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilib. O, təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı “AK-74” silahı, onun komplekt hissəsi – içərisində 20 patronu olan bir daraq, odlu silaha aid gilizlər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb. Əllahbəxş Ağayinin meyitinin xarici və daxili müayinəsinin keçirilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin olunub.
Hazırda cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb olunması, habelə işin digər hallarının araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.