İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı - İsrafil Məmmədov

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı - İsrafil Məmmədov
  • Cəmiyyət

  • Qəhrəmanlar unudulmur, tarix öz övladlarını hər zaman yaddaşlarda qoruyub saxlayır. Müsahibimiz ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun bacısı Sücaət xanımın oğlu Füzuli Hüseynovdur. Öz dayısı ilə fəxr edən, onun xatirəsini daim qoruyub saxlayan Füzuli müəllim hələ də onunla bağlı xatirələrini həyəcanla yada salır.

    LEQAL.AZ xəbər verir ki, İsrafil Məmmədova 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Lenin” ordeni və “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı verilib.

    Füzuli Hüseynov dayısı Sovet İttifaqı Qəhrəmanı olan zaman azyaşlı olsa da, onunla bağlı anasından eşitdiyi xatirələri danışarkən kövrəlir: “Anam deyir ki, İsrafil birinci dəfə Gəncəyə gələndə bütün şəhər onu qarşıladı. Bədənində 60-dan çox qəlpə yarası var idi. Döyüşə qayıtmasına icazə verilməməsinə baxmayaraq, o, ciddi israrlarla yenidən cəbhəyə qayıtdı”.

    İsrafil Məmmədov döyüşlərdə bir neçə dəfə yaralanıb. Sonuncu dəfə isə yarası ağır olduğu üçün onu vətəninə göndəriblər. O zamanlar 5 yaşı olan Füzuli Hüseynov dayısı ilə son görüşünü belə xatırlayır: “İştirak etdiyi sonuncu döyüşdə boğazından güllə yarası almışdı. Bizə gəlmişdi, qucağında otururdum, anam nə qədər ona yemək təklif etsə də, boğazını göstərib, yeyə bilməyəcəyini deyirdi”.

    Müharibə illərində yaralı olduğu vaxtlarda ona qulluq edən Yevdokiya adlı tibb bacısı ilə ailə quran İsrafil Məmmədovun, əkiz qız övladı da dünyaya gəlib. Füzuli müəllim deyir ki, 1946-cı ildə dayısının yarası ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da, elə həmin günün səhəri orda vəfat edib. “Nəşinin Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə göndərildi. O vaxt dedilər ki, Bakıda dəfn olunacaq. Ancaq Gəncə ziyalıları qəhrəmanın elə doğma şəhərində dəfn olunmasını istədilər. Sovet rəhbərliyi də bu təklifə etiraz etmədi”, - deyə Füzuli Hüseynov bildirib.

    Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Gəncənin mərkəzi yerlərindən olan Xan bağında dəfn edilib. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev-muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat, onun döyüş yolunu və həyatını əks etdirən 161 ədəd fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi əşyaları sərgilənir.

    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər