Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışı hər zaman olduğu kimi bir çox əhəmiyyətli məqamlarla yaddaqalan olub. İlk növbədə Almaniya-Azərbaycan əlaqələri barədə fikir söyləyən dövlət başçımız bildirib ki, hazırda bu əlaqələr öz sürətli inkişaf dövrünü yaşayır. Qeyd olunub ki, ölkələrimiz arasında ikitərəfli gündəlik kifayət qədər genişdir. Eyni zamanda da cənab Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yaşıl gündəliyini təqdim edən dövlət başçımız bildirib ki, hazırda təbii qaz təchizatçısı olan Azərbaycan yaxın gələcəkdə Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Lakin bütün bunlar məhz gələcəyə hesablanmış planlardır. Bu günümüzün gerçəkliyi isə budur ki, Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat hələ də getdikcə artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Əlbəttə ki, Azərbaycanın bütün bu uğurlarına hər kəsin və istisnasız bütün ölkələrin sevindiyini düşünmək ən azı sadəlöhvlük olardı. Beşinci kalon mənsublarına mötəbər beynəlxalq tədbirdə iştirak etmək və Azərbaycan Prezidentinə təxribat xarakterli suallar ünvanlamaq imkanının verilməsi də ölkəmizin nailiyyətlərinə kölgə salmaq cəhdləri kimi qiymətləndirilməlidir. Əlbəttə ki, bu cəhdlərin hər biri əvvəlcədən süquta məhkum olnub. O cümlədən Azərbaycanda guya ki, media azadlığının pozulması ilə bağlı verilən suala cavab olaraq cənab Prezident İlham Əliyev bu kimi iddiaların tamamilə əsassız olduğunu konkret faktlarla sübut etdi. Qeyd olundu ki, ölkəmizdə heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Lakin azadlıq heç də qanunları pozmaq imkanına sahib olmaq anlamına gəlməməlidir. İstənilən təsisat fəaliyyət sahəsindən asılı olmayaraq sərhədləri hüdudunda fəaliyyət göstərdiyi ölkənin qanunlarına riayət etməlidir. əgər hansısa QHT və ya media orqanı xaricdən qanunsuz maliyyələşirsə, bu, əlbəttə ki, ciddi qanun pozuntusu olaraq müvafiq orqanlar tərəfindən araşdırılmalıdır.
Ölkəmizdə də bu prosedur Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılır. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, bu halın ölkəmizdə media azadlığının olmaması kimi təqdim etmək cəhdi də ən azından beynəlxalq ictimaiyyəti azdırmaq və Azərbaycanın nüfuzuna xələl gətirmək istəyi kimi qiymətləndirilməlidir.
Rusif Kərimov ,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi