Paytaxt Bakı illərdir ki, Azərbaycanda ən sıx məskunlaşmış şəhər hesab olunur. İş, təhsil, yaşamaq üçün paytaxta üz tutanlarla birlikdə şəhərin qeyri-rəsmi əhali sayının 4 milyona yaxın olduğu bildirilir. Bu isə ölkə əhalisinin təxminən 40 faizi deməkdir.
LEQAL.AZ xəbər verir ki, modern.az-ın statistik gösətiriclərlə bağlı kiçik araşdırması zamanı məlum olub ki, 2021-ci ilin əvvəlinə Bakı əhalisinin rəsmi sayı 2 milyon 300 min 500 nəfərdir. Bu ilin əvvəlinə paytaxtda 25075 nəfər doğulub, 17329 nəfər isə vəfat edib, təbii artım 7746 nəfər təşkil edib.
Bu ilin əvvəlinə Bakı əhalisinin sayı (min nəfər) rayonlar üzrə isə aşağıdakı kimi olub:
Binəqədi rayonu 268.4;
Qaradağ rayonu 127.9;
Xəzər rayonu 168.4;
Səbail rayonu 102.6;
Sabunçu rayonu 247.2;
Suraxanı rayonu 222.0;
Nərimanov rayonu 179.8;
Nəsimi rayonu 222.6;
Nizami rayonu 201.8;
Pirallahı rayonu 20.6;
Xətai rayonu 289.9;
Yasamal rayonu 249.3.
Mövcud olan son statistikaya görə, 2020-ci ildə Bakı əhalisinin 1 milyon 140 min 900 nəfərini kişilər, 1 milyon 153 min 200 nəfərini qadınlar təşkil edib.
Bakı şəhərinin Baş Planına görə, gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınıb, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı gözlənilir.
Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə, hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.
Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə yaxın bir neçə ildə qayıdış Bakıda əhali sayının azalmasına təsir edəcək amil kimi qiymətləndirilməlidir.
Tarixə nəzərə yetirsək, rəsmi məlumatlarda 1990-cı ildə Bakı şəhərində 1 milyon 807 min 800 nəfər əhali qeydiyyatı olub. 1999-cu ilə qədər əhali sayı azalan xətt üzrə inkişaf edib və həmin ildə paytaxt əhalisinin sayı 1 milyon 788 min nəfər olub.
Rəsmi statistikaya görə, 2000-ci ildə əhali sayı 1 milyon 806 min 400 nəfər təşkil edib.
Daha sonra paytaxt əhalisi aşağıdakı kimi ilbəil artmağa başlayıb:
2001-ci ildə əhali sayı 1 milyon 826 min 900 nəfər;
2002-ci ildə 1 milyon 847 min 500 nəfər;
2003-cü ildə 1 milyon 868 min 200 nəfər;
2004-cü ildə 1 milyon 889 min nəfər;
2005-ci ildə 1 milyon 914 min 400 nəfər;
2006-cı ildə 1 milyon 942 min 500 nəfər;
2007-ci ildə 1 milyon 972 min nəfər;
2008-ci ildə 2 milyon 5 min 600 nəfər;
2009-cu ildə 2 milyon 39 min 400 nəfər;
2010-cu ildə 2 milyon 64 min 600 nəfər;
2011-ci ildə 2 milyon 92 min 400 nəfər;
2012-ci ildə 2 milyon 122 min 300 nəfər;
2013-cü ildə 2 milyon 150 min 800 nəfər;
2014-cü ildə 2 milyon 181 min 800 nəfər;
2015-ci ildə 2 milyon 204 min 200 nəfər;
2016-cı ildə 2 milyon 225 min 800 nəfər;
2017-ci ildə 2 milyon 245 min 800 nəfər;
2018-ci ildə 2 milyon 262 min 600 nəfər;
2019-cu ildə 2 milyon 277 min 500 nəfər;
2020-ci ildə 2 milyon 294 min 100 nəfər;
2021-ci ildə 2 milyon 300 min 500 nəfər.