“Bizim sözümüz imzamız qədər keçərlidir”

“Bizim sözümüz imzamız qədər keçərlidir”
  • Cəmiyyət

  • “Uzun müddət ərzində aparılan müzakirələr  nəticə vermədiyinə görə, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir. Erməni silahlı qüvvələrinin keçən ayın 27-də bizə qarşı yeni hücuma keçdiklərini deyən dövlət başçısı bugünədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimizin, şəhidlərimizin olduğunu, bizim şəhərlərimizin, kəndlərimizin atəşə tutulduğunu və minə yaxın evin ya dağıdılıb, ya da ki, böyük ziyan gördüyünü bildirdi. Həmçinin hər şeyin plan üzrə getdiyini vurğuladı”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də CNN-Türk televiziyasına verdiyi müsahibəsinə münasibət bildirərkən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova söylədi. O, müxbirin münaqişə xəttindən uzaqdakı şəhərlərin, xüsusilə “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki yaşayış məntəqələrini, Mingəçevirdəki elektrik stansiyasını ballistik raketlərlə hədəfə almaqda məqsədi nə idi” sualına verdiyı cavabı xüsusi dəyərləndirdi:

    - Azərbaycan Prezidenti bu suala məntiqli, əmin və dəqiq cavabı ilə Ermənistanın iç üzünü bir daha açdı: “Məncə, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayəti. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır”.

    Prezident əminliklə mübarizəmizin erməni xalqı ilə deyil, haqq mübarizəsi olduğunu, öz ərazi bütövlüyümüzü bərpa etmək istədiyimizi, heç vaxt mülki şəxslərə qarşı müharibə etmədiyimizi dedi və əlavə etdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Ordumuza, şəhərlərimizə böyük ziyan vuran hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək. Dövlət başçısı xatırlatdı ki, Xocalı qətliamı dünyanın gözü önündə baş verəndə, Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi buna görə məsuliyyətə cəlb edilmədi. Şəhərlərimiz, kəndlərimiz dağıdıldı, bir milyondan çox insan məcburi köçkün oldu, amma bütün bunlara görə beynəlxalq ictimaiyyət hər hansı bir hərəkətə keçmədi. Ona görə də, bu məsələ 30 ildir öz həllini tapmır.

    Cənab Prezident müxbirin Minsk qrupu həmsədrlərinin hadisəyə münasibəti ilə bağlı sualına  “hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir.”-- deyərək bildirdi ki, hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Amma, bu ölkələrdə erməni lobbisi güclü olduğundan, o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Ona görə o ölkələrdə bizə qarşı ittihamlar səsləndiriblər ki, Azərbaycanla Türkiyə birlikdə bölgəyə terror qruplarının nümayəndələrini gətirib. O açıqlamalardan artıq on gün keçsə də bu günə qədər bizə heç bir sübut verilməyib: “Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Çünki Dağlıq Qarabağ bizim torpağımızdır. Bir ölkə öz torpağını necə fəth edə bilər? Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır. Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin”.

    Azərbaycan siyasətinin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır. Dövlət başçımızın müsahibədə dediyi kimi, bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi təbii ki, vasitəçilik missiyasını icra edir. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir. Həmçinin İran rəsmiləri Azərbaycanın haqq işini dəstəkləyiblər. İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar.  Amerika da digər iki həmsədrlə birlikdə bu işlərdə iştirak edir. Biz Amerikanın mövqeyindən də razıyıq.

    Prezident son iki il ərzində atəşkəs rejiminin möhkəm saxlanılmasından da söz açdı. Bildirdi ki, bunu Minsk qrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ermənistan vədinə xilaf çıxdı və siyasətdə bu, çox yanlış bir yoldur. “Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözlər yalan çıxdı və onun tərəfindən “Qarabağ Ermənistandır və nöqtə” deməsi müzakirələrə faktiki olaraq son qoydu”.
    Tolerant ölkəmin Prezidenti müsahibədə yenə multikultural dəyərlərə sadiq qalaraq böyük humanistliklə: “bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq.” – dedi.
    Zərifə Bəşirqızı
    PAYLAŞ:

    Oxşar xəbərlər