Masallı rayon Viləş kənd orta məktəbinin müəlliməsi uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən şairə Əfsanə Mirzəyeva vəfat etmişdir. Müəllimənin vəfatı ilə bağlı sosial şəbəkədə onun qələm yoldaşları paylaşımlar etmişlər.
Əfsanə Mirzəyeva ilə bağlı əslən Viləş kəndindən olan yazıçı Əli Rzazadə ilə əlaqə saxladıq və o saytımıza açıqlama verdi:
“Əfsanə Mirzəyeva qısa zaman kəsimində qələm yoldaşları arasında yetərincə tanındı və oxucularının qəlbində özünəməxsus taxt qurdu. Xətəliyinə baxmayaraq daim pozitiv, həyatsevər, insanları gələcəyə həvəsləndirən yazılar yazar, hətta deyərdim ki, insanlara nəsihətlər verərdi. Son dövrlərdəki paylaşımlarında xəsətliyi ilə bağlı yazılar yazırdı, sanki dostlarını yaxınlarını bir gün onsuzluğa hazırlayırdı. İşləmək, dərs keçmək, yazmaq-yaratmaq istəyirdi, “Kaş daha çox zamanım olaydı... “ deyirdi. Vəfatına saylı günlər öncə sosail şəbəkədə olduqca təsirli bir şer də paylaşmışdı. Belə bir istedadlı, sənətini sevən təhsil işçisini itirdiyimiz üçün çox məyusuq. Allah rəhmət eləsin” deyə Əli Rzazadə vurğulayıb.
Mərhum müəllimənin yazdığı son şeri təqdim edirik:
"Bu yaz bir başqa yazdır...
Oxşamır ki, bahara.
Yağışlı, küləklidir.
İsinmir də heç hava...
Çiçəklər boynu bükük,
Ağaclar qəmli durur.
Çəmənlərdəki sükut,
Yorur, ruhumu yorur.
Yaşam ətri bürümür
Çəkdiyim nəfəsi də.
Qalmayıb yaşamağa
Cismimin həvəsi də.
Bu yaz bir başqa yazdır,
Havası ölüm qoxur.
Günəşin gözündə də
Üzümə ölüm baxır.
Üşüdür soyuqluğu
Açılan hər sabahın.
Gedimmi?
Gedim!
Sizə bir az da göydən baxım.
Söz, getsəm isinəcək
Günüm də, gündüzüm də.
Yormuşam, yorulmuşam
Dincəlim göy üzündə.
Masmavi ənginliyə
Qovuşum, tapım huzur.
Yoxsa baharsız qalan
Dünyada ruhum azır.
Ağırlaşmış cismimdən
Asi ruhum qurtulsun.
Gəzim buludlar üstə,
İçim-çölüm nur olsun.
Göyqurşağı dam olsun,
Yağışlar çeşmə-bulaq.
Gün işığı örtməyim,
Küləklər saça daraq.
Yazı yaztək yaşayım,
Yaşayım?!
Ölüm nə ki...
İnsan yenidən yaşar,
Ölüm bir yeni şəkli...
Bu yaz bir başqa yazdır,
Havası ölüm qoxur.
Ölümün gözlərində
Üzümə həyat baxır...”