ABŞ-ın Minnesota ştatının Sent Pol şəhərinin Çipva orta məktəbində təhsil alan həmyerlimiz, altıncı sinif şagirdi Emil Baylar Əhmədov ABŞ-da üç mərhələdə (məktəblərarası, şəhərlərarası və ştatlararası) keçirilən “MATHCOUNTS” Riyaziyyat Olimpiadasında uğur əldə edib. O, “State Certificate of Excellence” mükafatına layiq görülüb.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, Emil Baylar müsabiqədə yüksək nəticə göstərərək adını təhsil aldığı məktəbdə birinciliyə, Sent Poul şəhərində ilk dördlüyə, Minnesota ştatında isə 70 (6-8-ci siniflər) şagird arasında ilk altılığa yazdırıb.
Müsabiqədə ilk dəfə çıxış edən Emilin hədəfi “National MATHCOUNTS”a vəsiqə qazanıb, finala qalan ABŞ-ın dörd riyaziyyat dahisindən biri olmaqdır.
Emilin atası, Minnesota Universitetinin professoru Anar Əhmədov uzun illərdir ABŞ-n nüfüzlu ali təhsil ocaqlarında işləyir və riyaziyyat elminə bir sıra töhfələr verib.
O, ailəsinin ABŞ-a köçməsindən və övladlarının qazandığı uğurlardan bəhs edib:
“Cəbrayıl rayonunda anadan olmuşam. 1996-cı ildə ABŞ-a köçmüşük. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininin məzunuyam. ABŞ-a gəldikdən sonra təhsilimi davam etdirdiyim Kaliforniya Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdim. 2006-cı ildə isə Kaliforniya Universitetində riyaziyyat elmi üzrə doktorluq elmi dərəcəsi aldım. 2006-2019-cu illərdə ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, Harvard Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində professor və alim kimi çalışmışam.
ABŞ-ın nüfuzlu “Simons” və “Sloan“ fondları tərəfindən bir sıra yüksək elmi mükafatlara layiq görülmüşəm. İki övladım var, onlar da mənim yolumu davam etdirirlər”.
A.Əhmədov deyib ki, övladları ABŞ-da doğulub və hər ikisi riyaziyyat fənninə xüsusi maraqları, istedadları ilə yaşıdlarından fərqlənirlər:
“Oğlum Emil riyaziyyat həvəskarıdır və bu yaxınlarda qazandığı mükafatla bizi çox sevindirdi. Bu olimpiadada onun iştirakı çox əhəmiyyətli idi və ilk dəfə olaraq belə məsuliyyətli bir yola çıxmasına baxmayaraq gözəl uğur qazandı. Əgər sükanı belə saxlasa, gələn il keçiriləcək “National MATHCOUNTS”a vəsiqə qazanıb, adını birinciliyə yazdıracaq. Onu da qeyd edim ki, bu il mənim rəhbərlik etdiyim komandada, yarışan məktəbli Minnesota ştatında 1-ci oldu və “National MATHCOUNTS”a vəsiqə qazandı”.