Dövlətin əmək və məşğulluq sahəsində həyata keçirdiyi siyasətə qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, yerli icra hakimiyyəti orqanının vəzifəli şəxsinin qanunsuz əməlləri barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.
Aparılmış istintaqla Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsinin rəisi vəzifəsində işləmiş Şaban Şəfiyevin vəzifə səlahiyyətlərinin icrası zəminində tabeliyində çalışan Anar Mirzəyev, rayon sakinləri Şəyyar Əliyev, Amil Məmmədov və Xoşbəxt İsrafilovun köməkliyi ilə ümumilikdə 15 nəfərdən ibarət ayrı-ayrı şəxsin həmin müəssisəyə işə qəbul olunmasına dair yalan məlumatları rəsmi informasiya resursuna daxil etməklə 3800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, həmin şəxslərin iş yeri olması ilə bağlı yalan məlumatlar əsasında onlara ümumilikdə 20 min 900 manat məbləğində ünvanlı dövlət sosial yardımın ayrılmasına və bununla da büdcə vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Bundan başqa, Şaban Şəfiyevin istintaqın gedişində tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, rəsmi möhürün qısa müddətdə özündə olmasından istifadə edərək gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə ümumilikdə 8 nəfərlə Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaratmaqla rəsmi sənəd hesab edilən əmək müqavilələri və əmrlərin imzalanmasına nail olmasına, bununla da bilə-bilə saxta sənədlərdən istifadə edib cinayət işi üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Həmin qanunsuz hərəkətləri ilə Şaban Şəfiyev Cinayət Məcəlləsinin 294.3-cü (ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 320-ci (bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmə) maddələri, Anar Mirzəyev, Şəyyar Əliyev, Xoşbəxt İsrafilov və Amil Məmmədov isə həmin Məcəllənin 32.5,311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət almağa köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Şaban Şəfiyev barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.