Novruz süfrəsinin təamları hilsiz başa gəlmir. Şəkərbura və paxlavanın hazırlanmasında ondan istifadə olunur. Hilin dənələrini qovurub üyüdəndən sonra şirniyyatın içinə qatırlar.
LEQAL.AZ tibbi mənbələrə istinadla xəbər verir ki, dünyada geniş yayılan hili çox vaxt “kralların ədviyyatı” adlandırırlar. Vətəni Hindistan olan bu bitki Şri-lankada, Çində, Afrikada və Amerikada da becərilir.
Hilin bazarlarda ən çox tünd yaşıl və ağ rəngi satılır. Hil toxumu yeməklərə, çaya və qəhvəyə qarışdırlıraraq istifadə edilir. Əgər mədə turşuluğu çoxalaraq qida borusunu yandırırsa, ən yaxşı üsullardan biri hil çayının içilməsidir. Qastrit və mədə qıcqırması zamanı çox faydalıdır.
Hil çayı yüksək xolesterini aşağı salır və immuniteti qüvvətləndirir. İnfeksion xəstəliklərdən və qripdən əziyyət çəkənlərin onun çayını dəmləyib içmək məsləhətdir.
Ağızdan xoşagəlməz qoxu gəlirsə, hil dənələrini çeynəmək lazımdır. Çeynədikdən sonra isə udmaq məsləhətdir. Çünki ola bilər ki, ağız qoxusu mədədə olan problemlərdən yaransın və hilin toxumlarını udmaqla mədəni də müalicə etmək olar. Hil ürəkbulanma zamanı da yaxşı təsir edir, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir. Onun aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.
Təbii antiseptik olduğundan soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil dənəsi qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.
Çalışmaq lazımdır ki, hili qabığından ayrılmasın, çünki əks halda o, əz ətrini çox tez itirir.