LEQAL.AZ modern.az-a istinadən bildirir ki, Milli Məclisin deputatları açıqlamalarında dövlət başçısının Azərbaycan və İran vətəndaşlarını təbrik etməsini şərh ediblər:
Dünən Zəngilan rayonu Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı rəsmi Tvitter hesabında belə bir paylaşım edib:
"Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!".
Deputat Cavanşir Paşazadə dövlət başçısının təbrikinin gələcəkdə sakit və rahat formada yaşamağımızın təminatı olduğunu bildirib:
“Cənab Prezidentin Ağbənd qəsəbəsinin azad edilməsi ilə İran və Azərbaycan xalqını təbrik etməsi yaxın qonşuluq ənənələrinə söykənir. İran həm də bizə dini cəhətdən yaxındır. Əqidəmiz, ənənəmiz eynidir. Bizim İranda 30 milyona yaxın soydaşlarımız yaşayır. Soydaşlarımız da İran vətəndaşlarıdır. Bu o deməkdir ki, bizim dostluğumuz bundan sonra da davam etməlidir. Cənab Prezidentin dünən verdiyi tapşırıqlar vardı. Orada yeni bəndin qurulması, yeni tikintilərin aparılması həm İran, həm də Azərbaycanın birgə müəssisələrinin yaradılmasını gerçəkləşdirəcək və İran-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bu da gələcəkdə bizim sakit və rahat qonşuluq formasında yaşamağımızın təminatı deməkdir”.
Deputat Məşhur Məmmədov Azərbaycan dövlətinin hər zaman digər dövlətlərin ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını xüsusi qeyd edib:
“Bildiyiniz kimi, dünən Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bununla da Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Cənab Prezidentin “Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!" deməsi ilə İranın ərazi bütövlüyünü dəstəklədi. Ali Baş Komandan bəzi danışıqların əksinə olaraq İrana olan münasibətini nümayiş etdirdi. Bu da ölkə başçısının dövlət başçısı kimi böyüklüyünü bir daha ortaya qoydu. Bəzi qüvvələr Ermənistanın xeyrinə olaraq Azərbaycan və İran arasında gərginlik yaratmağa çalışıblar. Ölkə başçısı bu gərginliyin olmamasına işarə etdi. Eləcə də, cənab prezidentin Azərbaycan və İran xalqını təbrik etməsi İran vətəndaşlarında da ruh yüksəkliyi yaratdı”.