Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı guşə yaradılıb.
LEQAL.AZ-ın məlumatına görə, şəhidlər arasında Bakı Texniki Kollecinin məzunları da vardır. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, onların xatirəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi.
Bəli, Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini itirmir, elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur.
Bu gücü, qüdrəti sevgidən aldı şəhidlər. Şəhid oldular. Ölməzlik zirvəsini fəth etdilər.
Əbədi sevgi kimi qəlbimizə həkk etdik onları. Heç vaxt, heç zaman unudulmayan xatirə tək yaşadırıq, yaşadacağıq onları. Türk oğlu hayqıraraq ayağa qalxdı, mənfur düşməndən günahsız yerə tökülən qanların intiqamını aldı. Elxan da, Elvin də belə oğullardandır.
Onlar II Qarabağ müharibəsində şəhid oldular. Bakı Texniki Kollecinin tələbələridir onlar. Kədərləndik, göz yaşlarımıza sahib ola bilmədik, həm də qürurlandıq.
Axı onlar bizim yetirmələrimizdir.
Qürur yerimiz, fəxrimizdir onlar.
Elnur, Babək, Xəzər isə qazidirlər.
30-dan çox tələbə II Qarabağ müharibəsinin iştirakçısı olmuşdur (2 şəhid və 3 qazi).
Yaratdığımız bu guşə həmişə şəhidlərimizi xatırladacaq.
Onun önündən keçən hər kəs- tələbələr, müəllimlər, kollecimizə gələn qonaqlar da bir anlıq ayaq saxlayacaqlar, onları yad edəcəklər.
Ey igid Vətən oğulları!
Qəbriniz nurla dolsun, ruhunuz rahat olsun. Sizin qanınız yerdə qalmadı. Qələbə bizim oldu.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!