Qızının şəklini öpərək şəhadətə ucalan baş leytenant - FOTO

Qızının şəklini öpərək şəhadətə ucalan baş leytenant - FOTO
  • Cəmiyyət

  • Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vuraraq 28 illik həsrətimizi qələbə ilə tamamladı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Bu tarixi qələbəmiz qəhrəman şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanıldı. Vətən müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Əsəd Əsədovdur.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, həyatı və döyüş yolu ilə bizi qürurlandıran şəhid Əsəd Camaləddin oğlu Əsədov 1978-ci ildə Neftçala rayonunun Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbinin, 1999-cu ildə isə Bakı Dövlət Universitetinin məzunu olub. Universitetdə hərbi kafedrada oxuyan Əsəd leytenant rütbəsi alaraq, 2004-2005-ci illərdə 1 il 8 ay müddətində həqiqi hərbi xidmətdə olub və baş leytenant kimi xidmətini başa vurub.

    2007-ci ildə Ülkər xanımla ailə quran Əsədin bu izdivacdan 3 övladı dünyaya gəlib. İki oğlu Camaləddin, İslam və qızı Selin. Əsəd haqq savaşımızda son nəfəsinədək döyüşərək şəhadətə ucalanda 10 aylıq Selinin şəklini öpərək gözlərini əbədilik yumub.

    Şəhidin həyat yoldaşı Ülkər Əsədova deyir ki, Əsədlə axırıncı dəfə oktyabrın 11–i danışıb və qızı Selinin şəklini ona göndərib: “O, Selini çox istəyirdi. Sanki onunla nəfəs alırdı. Son döyüşündə də Selinin adını çəkib, uşağın şəkilin öpüb. Silahdaşları deyirlər ki, gözlərini əbədi yumarkən belə qızının adını çəkib”.

    Əsəd kimi oğullar 44 günlük Vətən müharibəsi adlı tarixin hər səhifəsini canı və qanı hesabına yazdılar. Atası Cəmaləddin kişi deyir ki, Əsəd haqqında keçmişdə danışmaq çox çətindir. Sonuncu dəfə ailəsinə zəng edəndə valideynləri ilə də vidalaşıb: “Belə bir deyim var, “evdən getmədi, eldən getdi”. Uşaqlıqdan həmişə davranışı və qabiliyyəti ilə hər kəsin rəğbətini qazanmışdı. Ailəmiz, nəslimizə hər zaman başucalığı gətirib. O, mənim üçün sağdır. Elə bilirəm ki, sabah, ya birisi gün qayıdacaq”, - deyə şəhidin atası bildirir.

    Əsədin haqq savaşımızda tanış olduğu, sonradan dostluğa çevrilən silahdaşlarından biri də ağxalatlı qəhrəmanımız həkim Elpay Şükürovdur. Döyüş meydanında güllə yağışının, mərminin altından yüzlərlə yaralını təxliyə edən həkimin sözlərinə görə, Əsədlə sentyabrın 21-i təlimlərdə tanış olub: “On beş gün birlikdə təlimlərdə olduq. Çox möhkəm dostluğumuz yarandı. Vətən müharibəsi başladı, bizim bölüklər ayrı-ayrı istiqamətlərdə döyüşə girdi. Döyüş yoldaşlarının içərisində hörməti vardı. Oktyabrın ortalarında eşitdim ki, şəhid olub, çox üzüldüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də yaralanmışdım, ona görə də Əsədi, onun məzarını ziyarət etmək bu günə təsadüf etdi. Onu tanıdığıma görə fəxr edirəm, hər zaman qəlbimizdə yaşayacaq”.

    42 yaşında şəhidlik məqamına yüksələn Əsədin özündən 3 yaş kiçik olan qardaşı Elsevər hələ də onun yoxluğuna inana bilmir. “O, hər birimizi, valideyinlərimizi, övladlarımızı qorudu. Müharibə başlayanda tərəddüd etmədən qatıldı, Vətənimizi də qorudu. Bu yolda canını fəda etdi”, - deyə Elsevər söyləyir.

    Şərəfli həyat yaşayan Əsəd Əsədov Vətən müharibəsində işğalçı Ermənistan ordusuna qarşı 16 gün mərdliklə vuruşub və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə - oktyabrın 13-ü düşmən snayperindən açılan güllə ilə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Əsəd Cəmaləddin oğlu Əsədov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

    İllər keçsə, də gələcək nəsillər Əsəd kimi şəhidlərimizi hər zaman böyük minnətdarlıqla yad edəcək. Hər birimizin vətəndaşlıq borcudur ki, bizə qələbə sevinci yaşadan Əsəd kimi oğullarımızı daim qəlbimizdə yaşadaq.





    PAYLAŞ:

    Oxşar xəbərlər