Dünyanın aparıcı kütləvi informasiya vasitələri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalələr yayıblar.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “The London Post” saytında dərc olunmuş məqalədə Xocalı soyqırımının tarixi və təfərrüatları barədə geniş məlumat verilib. Məqalədə, həmçinin 44 günlük Vətən müharibəsinin nəticələrindən bəhs olunur. Vurğulanır ki, son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş bütün cinayətlər, o cümlədən Xocalı soyqırımı ən xırda detallarına qədər öyrənilməli və Ermənistan beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Litvanın “Alkas” xəbər portalının yaydığı materialda Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə söhbət açılıb, Xocalı soyqırımının insanlığa sığmayan cinayət olduğu vurğulanıb.
Fransanın “Agoravox” portalında dərc olunmuş məqalədə bildirilir ki, Azərbaycanın Xocalı şəhəri 1992-ci ildə müharibə cinayətlərinin törədildiyi şəhərdir. Hər il olduğu kimi, bu il də fevralın 26-da Xocalı qurbanlarının xatirəsi bütün Azərbaycan xalqı tərəfindən ehtiramla anılıb. Bu qırğının günahkarlarının cəzasız qalmaması tələb edilib. Xocalı hadisələri ilə bağlı gerçəkliklərlə maraqlanan tarixçilər o vaxt orada olmuş Qərb jurnalistlərinin və fotoqraflarının, eləcə də sağ qalanların ifadələri ilə tanış ola bilərlər.
Moldovanın “Tribuna.md”, “Ava.md”, “Publika.md”, “Noi.md”, “Deschide.md”, “Yam.md” xəbər portalları da Xocalı soyqırımı ilə bağlı məqalələrə geniş yer verib. Məqalələrdə Xocalıda törədilmiş kütləvi qırğının əsas təqsirkarları, o cümlədən Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Koçaryan, erməni terroru ideoloqlarından biri Zori Balayan və digərlərinin soyqırımı haqqında etirafları da yer alıb. Vurğulanıb ki, artıq bir çox dövlətlər Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ictimaiyyəti soyqırımı haqqında daha müfəssəl məlumatlar əldə edib. Eyni zamanda, məqalələrdə 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük Qələbədən, müharibənin dayandırılması ilə bağlı imzalanmış üçtərəfli Bəyanat çərçivəsində aparılan danışıqlardan, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda görülən bərpa işlərindən bəhs edilib.
“France 24” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı yayımlanan verilişdə bildirilib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra problemlərlə üzləşdiyi və çalxalandığı bir vaxtda Azərbaycan 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş qətliamın 29-cu ildönümünü qeyd edir. Verilişdə “France 24”ün jurnalistinin qətliamın acılarını yaşamış Xocalı sakini Mehriban Əliyevanın evində olduğu və onun ermənilər tərəfindən mülki insanlara qarşı törədilmiş qəddarıq barədə danışdığı diqqətə çatdırılıb.
Avstriya Mətbuat Agentliyinin (APA) saytında da Xocalı soyqırımına həsr olunmuş məqalə yerləşdirilib. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində soyqırımı aktı həyata keçirdiyi qeyd edilib, bu vəhşilik nəticəsində qətlə yetirilən, yaralanan, əsir götürülən və itkin düşən insanlar barədə məlumat verilib. Bildirilib ki, Xocalının dinc sakinləri məhz azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qətlə yetiriliblər. Etnik təmizləməyə nümunə olan bu amansızlıq və qətliam soyqırımı kimi dəyərləndirilib.
Bundan başqa, Türkiyənin Anadolu agentliyi, Malayziyanın BERNAMA agentliyi, Almaniyanın “Nex24.news” xəbər portalı, “Tagesspiegel” kanalı, İtaliyanın “Electo Magazine” jurnalı, “Politicamente Corretto” saytı, “Affaritaliani” qəzeti, Çexiyanın “Parlamentni Listy” qəzeti, Pakistanın “Pakistan Islamabad Post” qəzeti, “Dispatch News Desk” agentliyi, Rusiyanın “Vestnik Kavkaza” xəbər saytı, Finlandiyanın “Suomenkuvalehti” qəzeti, Bolqarıstanın “Cross” və “Fokus”, Gürcüstanın “report.ge”, “aktual.ge”, “24 news.ge”, “marneulifm.ge”, “adjara ps.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge” portalları, Macarıstanın "Madyar nemzet" nəşri, Türkmənistanın “infoabad.com” saytı, Misirin “Asiaelyoum” agentliyi, Rumıniyanın “Amosnews” agentliyi və “News24hours” portalı, İndoneziyanın “Republika” qəzeti, “Tribune News”, “Rakyat Merdeka”, “Liputan”, “Indonesia globe”, “İntisari online”, “Harianaceh Indonesia”, “Mi News” və “Warta Pena News” saytları, İsrailin “Israel Hayom” qəzeti, “Times of Israel” saytı, Əlcəzairin “Əl İxbariya” qəzeti və “Cəzairinfo” portalı, İranin “Mehr” agentliyi, Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Global News”, Tacikistanın “faraj.tj” portalları, Şərqi Avropada fəaliyyət göstərən “Nova Zora” portalı, İraqın “alrased.news” saytı və digər xarici KİV-lər də Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalələr yayıblar.
Məqalələrdə Xocalı soyqırımının dəhşətlərindən bəhs olunur, onun Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olduğu vurğulanır. Həmçinin məqalələrdə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsindən də bəhs olunur.