Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailə üzvləri ilə görüşərək məktubu çatdırıb. Şəhidin məzarını ziyarət edilərək önünə Müdafiə Nazirliyi adından çələng qoyulub.
Şəhidin ailə üzvləri qonaqları səmimiyyətlə qarşılayıblar. İgid tankçının şəxsi əşyaları, təltifləri və ona təqdim edilmiş qiymətli hədiyyələrin saxlandığı xatirə guşəsi önündə şəhidin qısa, ancaq şərəfli ömür yolu bir daha xatırlanıb, Vətənə belə igid oğul tərbiyə etdiklərinə görə valideynlərə minnətdarlıq edilib.
Məlumat verilib ki, zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından əsgər çəkməsi geyinərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb.
Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Şəhidin ailə üzvlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayan polkovnik A.Qurbani ötən il dekabrın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” adlı tədbir barədə danışaraq qeyd edib ki, həmin tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Türkiyə-Azərbaycan birgə təlimlərinə həsr olunmuş fotosərgidə böyük Azərbaycan sevdalısı nazir Hulusi Akarın baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu tablo qarşısında onun Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin Milli Müdafiə nazirini, eləcə də sərgi izləyicilərini son dərəcə kədərləndirib. Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə.
Əziz, qiymətli Məmiyevlər ailəsi,
Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzdü.
Baş leytenant Valeh Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.
Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaq.
“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın kədəri də sevinci də birdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları ilə sonunadək Azərbaycan Türkü qardaşlarımızın yanında olmaqda davam edəcək.
Şəxsən və Milli Müdafiə Nazirliyinin əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbir diləyir, başsağlığı verirəm.
Münasib bir vaxtda əziz şəhidimizin hörmətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.
Salam və ehtiramlarımla, Hulusi Akar”.
Şəhidin qardaşı, qəbul imtahanlarında 695 bal toplayaraq, Prezident təqaüdünə layiq görülmüş və Azərbaycan Dövlət Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Amerikanın nüfuzlu informasiya və texnologiya şirkətlərindən birində proqramlaşdırma üzrə komanda rəhbəri vəzifəsində çalışan Vüsal Məmiyev qardaşı barədə xatirələrini bölüşərək deyib: “Ötən ilin avqustunda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərindən sonra rayona qısamüddətli məzuniyyətə gəlmişdi. Həmin gün mən də kənddə idim. Birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçularının və bölmələrinin yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiklərindən, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarından və bu əmri səbirsizliklə gözlədiklərindən həvəslə danışırdı. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüş onun həyatında unudulmaz iz buraxmışdı”.
V.Məmişov bildirib ki, Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə qardaş Türkiyənin milli müdafiə nazirinin Valehi qiymətli hədiyyə ilə şəxsən mükafatlandırması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə ona uğurlar arzulaması Valehin döyüş ruhunu, qələbəyə inamını daha da yüksəltmişdi. O, Hulusi Akara söz vermişdi ki, Türkiyə hərbçiləri ilə birgə təlimlərdə qazandıqları uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaq. Qardaşım sözünə, vədinə əməl etdi. Həm Türkiyə, həm də Azərbaycan xalqı qarşısında başımızı ucaltdı.
Valehin ilk müəllimlərindən olan İqbal Babayev vaxtilə dərs dediyi sevimli şagirdi haqqında fəxrlə danışaraq deyib: “O, nəinki ailəsinin, kəndimizin, eləcə də Azərbaycan Ordusunun, xalqımızın adını yüksəklərə qaldıran igidlərimizdəndir. Valeh kimi oğulların sayəsində 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birimizin başı ucadır. Biz qalib dövlətin vətəndaşları olmağımızla fəxr edirik. Nə qədər ki Azərbaycan var, qədirbilən xalqımız var, tarixi Qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaq”.
Ziyalı Fərhad Məmiyev digər sahələrlə yanaşı, kənd cavanlarının hərbi peşələrə də böyük maraq göstərdiklərini, hazırda Azərbaycan Ordusunda ucqar dağ kəndindən 100-ə yaxın hərbi qulluqçunun xidmət etdiyini, onlardan 6-sının şəhid olduğunu, mayor Elçin Mansurovun ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldüyünü nəzərə çatdırıb.
Şəhidlərin xatirəsinin əziz tutulduğu, onların ailəsinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə danışan Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Kürəkçi kənd inzibati-ərazi üzrə nümayəndəsi Ruslan Əkbərov bildirib ki, Məmiyevlər ailəsi də həmişə dövlətin və Müdafiə Nazirliyinin diqqət mərkəzində olub, bundan sonra da daim diqqətdə saxlanılacağına əminik. Baş leytenant Valeh Məmiyevin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi döyüşçünün qəhrəmanlığına verilən ən yüksək qiymətdir.
Məzahir Eyvazov qardaş Türkiyənin milli müdafiə naziri hörmətli Hulusi Akara şəhid ailəsinə göstərdiyi diqqətə görə kənd sakinləri adından minnətdarlığını bildirib.
Türkiyənin milli müdafiə nazirinin məktubunu ehtiram hissi ilə qəbul edən şəhidin atası İsbat Məmiyev deyib: “Yeni ilin ilk günlərində hörmətli Hulusi Akar telefonla zəng edərək ailəmizin hər bir üzvü ilə ayrılıqda danışdı. Kədərimizə, acımıza şərik oldu, bizə təsəlli verdi, yalnız olmadığımızı dedi. Oğlumuza və bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. İndicə aldığımız bu məktub da ailəmiz üçün böyük təsəllidir. Hörmətli Hulusi Akara bundan sonra da “Bir millət, iki dövlət” arasında qardaşlığın, dostluğun və hərbi əməkdaşlığın möhkəmlənməsində uğurlar arzulayır, dəvətini məmnuniyyətlə qəbul edirik”.
Qardaş Türkiyənin milli müdafiə nazirinin Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə göndərdiyi səmimiyyətlə dolu məktub bütün kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi nazir Hulusi Akara cavab məktubu ünvanlayıblar.