Şəhid Balaqardaşın həyat hekayəsi - FOTOLAR

Şəhid Balaqardaşın həyat hekayəsi - FOTOLAR
  • Cəmiyyət / Maraqlı

  • BALAQARDAŞ FƏRHAD oğlu VƏLİYEV 2002-ci il martın 24-də dünyaya göz açmışdı. 4 uşaqlı ailənin ən kiçik və tək oğlan övladı idi. Sakit təbiətli, gözəl xasiyyətli biri gənc kimi tanınmışdı.
     
    ...Atası və əmisi Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdular və onlardan  Qarabağ döyüşləri haqqında eşitdiyi hadisələr Balaqardaşda hələ uşaq yaşlarından hərb işinə maraq oyatmışdı. Qonşusu Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olduqdan sonra isə onun hərbiyə, xüsusən də kəşfiyyata marağı daha da artmış və hərbi xidmətə gedənə kimi idmanla məşğul olmaga başlamışdır. Bu məqsədlə rayon mərkəzində yerləşən idman kompleksində güləş və boksdan hazırlığa getmişdir. Atasının bildirdiyinə görə, kənddən rayon mərkəzinə məşqə getmək üçün bəzən yolpulusu olmayanda 7-8 kilometr yolu velosipedlə qət etmiş, amma məşqlərini heç vaxt buraxmamışdır.


    18 yaşı tamam olduqdan sonra hərbi xidmətə çağırılmış və 2020-ci il may ayının 5-də ordu sıralarına yollanmışdır. İdman bacarıqları və nizam-intizamı ilə hərbi xidmətində seçilmiş və komandirləri tərəfindən dəfələrlə təşəkkür almışdır. Valideyni deyir ki, övladı həmişə onlara hərbi xidməti başa vurduqdan sonra gizir kimi qalıb işləmək istədiyini bildirirdi. Bu, gənc əsgərin həm hərbiyə olan marağından, həmçinin ailənin ehtiyaclarını qarşılamaq, valideynlərinə kömək etmək istəyindən irəli gəlirdi.

    Valideynləri sonuncu dəfə onunla sentyabrın 23-də telefon əlaqəsi saxlayıblar. Danışıq zamanı xidmətinin yaxşı keçdiyini, fərqləndiyinə görə kəşfiyyat taboruna snayperçi kimi qəbul edildiyini bildirmişdi. Bir neçə gündən sonra isə döyüşlər başlamış və daha Balaqardaşdan heç bir xəbər ala bilməmişdilər...


    Atası deyir ki, oglunun əsgər yoldaşları və hərbi hissə komandirlərinin bildirdiyinə görə, 5 ayın əsgəri olmasına baxmayaraq, Balaqardaş böyük həvəslə döyüşlərə qatılmış, Talış kəndi istiqamətində gedən döyüşlərdə oktyabrın 4-də ayağından yaralanmış və müalicə üçün qospitala göndərilmişdir. Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən döyüş meydanına atılmışdır. Beləliklə, gənc əsgər Hadrut istiqamətində gedən döyüşlərə böyük həvəslə qatılmış və növbəti hücumların birində düşmənin snayper atəşinə tuş gələrək şəhidlik məqamına yüksəlmişdir.

    Ordumuzun şanlı qələbəsindən sonra DNK analizi nəticəsində şəhidin kimliyi təyin olunmuş və dekabr ayının 14-də Balaqardaşın şəhid olması xəbəri verilmişdir. Dekabrın 15-ində şəhid əsgərin nəşi doğulub boya-başa çatdığı Masallı rayonunun Viləş kəndinə gətirilmiş və kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.


    Yuxarıda qeyd etdiyimiz kimi, şəhidin atası Fərhad Vəliyev də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. O, hələ 1991-ci ilin yay aylarında könüllü olaraq Qarabağ döyüşlərinə qatılmışdır. Göstərdiyi xüsusi şücaət və bacarıqlarına görə sonradan istifadəsində 10 tank olan 30 nəfərlik heyətin tağım komandiri olmuşdur. Belə ki, 1992-ci ilin yay aylarında 2 aylıq kurs keçdikdən sonra tankçı olaraq xidmətinə davam etmiş və Agdərə döyüşlərinə qatılmışdır.  Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə idarə etdiyi tank vurulmuş və bu zaman ağır yaralanmışdır. Onun dediyinə görə, Qarabağı qarış-qarış gəzmiş, Kəlbəcər, Laçın, Şuşa, Daşaltı, Xocalı, Əsgəran, Agdərə, Xocavənd, Agdam, Füzuli istiqamətində bir çox döyüşlərdə iştirak etmişdir. Şəhidin əmisi Fikrət Vəliyev də Birinci Qarabağ müharibəsində həqiqi hərbi xidmətdə olmuş və 4 il 7 ay Qarabağda vuruşmuşdur...
     
    Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış gənc əsgər Balaqardaş Vəliyevə Allahdan rəhmət diləyirik.

    Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

    Vətən sağ olsun!

    İsrafil ŞÜKÜROV                                                                                 
    LEQAL.AZ-ın Baş redaktoru
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü 
    PAYLAŞ:

    Oxşar xəbərlər