2020-ci il Prezident, Ali Bas komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda danışıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, iclas Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunub.
Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib. Müşavirədə dövlət başçısı keçən il sosial sahədə çox böyük işlər həyata keçirildiyini qeyd edərək deyib: “Bu il biz şəhid ailələri üçün daha çox sayda evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib”.
S.Babayev bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulmuşdu, artıq yaxın günlərdə həmin planın icrası tam başa çatacaq. Dövlət başçısı proqramın bu ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Həmin tapşırığın icrası ilə əlaqədar işlər nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək.
Ötən il özünüməşğulluq proqramının daha da genişləndirilərək 12 min nəfəri əhatə etdiyini deyən nazir 2021-ci il üçün proqrama bundan daha çox olmaqla 16 min şəxsin cəlb olunmasının planlaşdırıldığını bildirib. O ötən il daha bir DOST mərkəzinin, müasir tələblərə uyğun qurulmuş 6 reabilitasiya müəssisəsinin açıldığını deyib. Ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman Vətən müdafiəçilərinin müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi yaradıldığını qeyd edib.
S.Babayev nazirliyin e-arayış xidmətlərinin sayının daha da artaraq 61-ə (o cümlədən proaktiv xidmətlərin sayının 34-ə) çatdığını deyib, son bir ildə 95 min pensiya, müavinət, təqaüd təyinatının elektron qaydada, proaktiv şəkildə aparıldığını, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirildiyini diqqətə çatdırıb. O bu il də qeyd edilən istiqamətlərdə yeni mühüm işlərin aparılacağını vurğulayıb.
İclasda dövlət başçısının tapşırıqlarının icrası olaraq görüləcək işlər ətraflı müzakirə olunub.