Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları ilə görüşüb.
Nazir bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə həkk olunan yüksək səviyyədə döyüş qabiliyyəti nümayiş etdirərək erməni faşizmini məhv etdi. 30 ilə yaxın işğal altında qalmış doğma yurd yerlərimiz cəmi 44 gün ərzində azad olundu. Tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılan bu möhtəşəm Zəfər xalqımıza sonsuz sevinc, iftixar duyğuları yaşadır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, S.Babayev ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. O, şəhid ailələri və yaralanmış qazilərimizlə bağlı geniş sosial dəstək işlərinin aparıldığını və bu prosesin davam etdiriləcəyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, dövlət başçısının 2020-ci il sentyabrın 28-də verdiyi Sərəncama uyğun olaraq səfərbərlik çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan 84 əməkdaş İkinci Qarabağ müharibəsinə qatılıb. Tarixi Zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, Zəfərimizə öz töhfələrini verən bütün qəhrəman Vətən övladları ilə qürur duyuruq. Onlar Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərərək, şücaətlərlə zəngin şanlı tarix yazdılar.
S.Babayev diqqətə çatdırıb ki, Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşlarından 27 nəfəri Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar. Onlardan bir qismi iki, bəziləri üç medala layiq görülüb.
Nazir Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürlərini və xoş arzularını çatdırıb. Bütün xalqımızın, o cümlədən nazirliyin kollektivinin onlarla qürur keçirdiklərini vurğulayıb. “Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, özünüzü döyüş meydanında Vətənin cəsur əsgərləri olaraq da şərəflə doğrultdunuz. Sizinlə fəxr edirik!” deyə bildirib.
S.Babayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq, DOST mərkəzləri, sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq, sosial müdafiə və aktiv məşğulluq proqramları geniş vüsət alacaq.
Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.