Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, polis əməkdaşları sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Şəhər ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlıq nəzərə alınaraq bu ərazilərə xüsusi nəzarət edilir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilir.
Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 117 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Aparılan araşdırmalarla bir iaşə obyektinin karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərdiyi məlum olub. Polis əməkdaşları həmin obyektlərin sahibləri barəsində qanunamüvafiq tədbir görüblər.
Koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalar davam etdirilir.