Artıq iyirmi yeddi il sürən Vətən həsrətimizə, nisgilimizə son qoyuldu. Bəli, indi biz öz Vətənimizdə məcburi köçkün deyil, yurdumuzun, əzəli torpağımızın sakini kimi doğma Zəngilan şəhərinə qayıdacağıq.
LEQAL.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC–ın müxbirinə Sumqayıtdakı məcburi köçkünlər üçün salınan kompleksdə yaşayan Zəngilan şəhər sakini, 76 yaşlı Şəfiqə Hüseynova deyib.
“Oğlum Azər Cəfərov 1993–cü ildə, 20 yaşında Zəngilan döyüşlərində şəhid olub. Bu gün döyüş meydanında minlərlə oğlum Azərbaycan Ordusunun sıralarında mənfur düşmənə güclü sarsıdıcı zərbələr endirərək Azərin qısasını alıb. Bəli, indi hamımız doğma rayonumuzun şəhər və kəndlərinə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Sözsüz bu qüruru bizə yaşadan rəşadətli Ordumuz və onun Baş Komandanı İlham Əliyevdir. Biz böyük qələbə inamı ilə hər dəfə Prezidentimizin xalqa müraciətini gözləyirik. Əminəm ki, Böyük Qələbəmiz yaxındadır və tezliklə bütün torpaqlarımız azad ediləcək”, - deyə o bildirib.