Sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı genişmiqyaslı hərbi təcavüzü Qarabağ savaşının həlledici mərhələsinin başlanması və tarixi zəfərlə başa çatması ilə nəticələndi.
Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən “Fəaliyyət planı” təsdiq edilib. “Fəaliyyət planı”nda Azərbaycan xalqının erməni faşizmi üzərində tarixi qələbəsinin tədrisi mühüm vəzifə kimi qarşıya qoyulub.
azərtac-ın bölgə müxbiri xəbər verir ki, “Fəaliyyət planı”nın icrası istiqamətində Lənkəran rayonunun ümumtəhsil məktəblərində maraqlı və rəngarəng tədbirlər həyata keçirilir. Rayonun Şürük kənd tam orta məktəbində şagirdlər üçün “Vətən müharibəsində iştirak edən məzunlar” adlı siyahı əsasında onların həyat yolu barədə virtual dərslər keçirilib.
Şagirdlər üçün, həmçinin “Şəhidlik yaşamağın ən uca zirvəsidir” mövzusunda videoçarxlar hazırlanıb və sosial şəbəkələrdə yayılıb.
Bu işlərin görülməsində məktəbin dil-ədəbiyyat müəllimi Gülarə Hacıyevanın xüsusi əməyi olub.