Xüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, polis əməkdaşları rayonda vətəndaşlarla mütəmadi olaraq marifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barədə protokol tərtib edilib və onlar cərimələniblər.
Bundan başqa, keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyənləşdirilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyənləşdirərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər.azərtac
Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.