“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü görüb

“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü görüb
  • Cəmiyyət

  • Milli mətbuat tariximizin şərəfli salnaməsini yaşadan və zəngin ədəbi-fəlsəfi ənənələri bu günə daşıyan, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisisçliyi ilə ərsəyə gələn “Füyuzat” dərgisinin yubiley sayı oxucuların ixtiyarına verilib. Baş redaktor Loğman Məmmədovun rəhbərliyi ilə işıq üzü görən bu xüsusi buraxılış Türk dünyasının mədəni inteqrasiyasından fəlsəfi düşüncələrə, bədii nəsr incilərindən mətbuat tariximizin şanlı səhifələrinə qədər bir-birindən dəyərli və rəngarəng yazıları ilə seçilir.

    “Leqal” xəbər verir ki, dərginin bu sayında Ülviyyə Rəhmanın MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirovla müsahibəsi, Elçin İbrahimovun “Türkoloji qurultaydan Türk dünyası həftəsinə”, Ağa Hacıbəylinin “Zamanla ayaqlaşan tərbiyə”, Nigar Şahın “Maarif çırağının varisləri”, Samirə Məmmədlinin “C.Qolsuorsi yaradıcılığında ədəbiyyat və həyat”, Muxtar Cəfərlinin “Və insan unutdu…”, Tural İsmayılın “Füyuzat”ın milli mətbuatımızda rolu”, eləcə də Səbinə və Səbirə Nemətzadənin “Cənnətin qapıları” – əlyazma kitabların ecazkar cildləri” mövzusunda araşdırma və publisistik yazıları yer alıb.

    Yeni sayda həmçinin Loğmanın “Nağıldan şirin nağıl”, Həmid Həmidzadənin “Qırmızı siyənəklər” başlıqlı yazıları, eləcə də Xalq şairi Nəriman Həsənzadənin əziz xatirəsinə həsr olunmuş “Şeir kimi bütöv ömür” nekroloqu və şairin “Bir yolayrıcına bənzəyir həyat” şeiri ilə tanış ola bilərsiniz.

    “Füyuzat”ın yeni sayını Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Dərginin elektron versiyası isə “litres.az” platformasında oxucular üçün əlçatandır. Həmçinin xüsusi keçid vasitəsilə jurnalın illik abunəliyindən yararlanmaq mümkündür.

    Xoş mütaliələr!
    PAYLAŞ:

    Oxşar xəbərlər