XIX əsrin ikinci yarısı... Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşayır, Bakı dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilir. Bu böyük iqtisadi sıçrayış ölkənin ictimai-siyasi və mədəni həyatında da əsaslı dəyişikliklərə yol açır. Maarifçilik hərəkatı sürətlə genişlənir və cəmiyyətin artıq yeni bir gücə — milli mətbuata ehtiyacı yaranır.
Məhz bu tarixi zərurətdən doğan və düz 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin böyük çətinliklərlə işıq üzünə çıxardığı “Əkinçi” qəzeti milli mətbuatımızın ilk qaranquşu oldu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, bu qəzet maarifçi ideyaların carçısına çevrildi, cəhalətə və xurafata qarşı kəskin mübarizə apardı. Ən əsası isə, milli özünüdərkin oyanmasına və mütərəqqi bir jurnalist nəslinin yetişməsinə önəmli töhfələr verdi.
Bu gün Həsən bəy Zərdabinin əkdiyi o kiçik toxum böyük bir çinara çevrilib. Müasir Azərbaycan mətbuatı artıq qlobal informasiya məkanında söz sahibidir. İndi jurnalistika təkcə xəbər ötürmək deyil, həm də dövlətin informasiya təhlükəsizliyini təmin etmək və milli maraqları qorumaq deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuatın cəmiyyətdəki bu mühüm rolunu və çatdığı yüksək səviyyəni belə ifadə edir:
“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır... hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir... mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Dövlət başçısının bu sözləri müasir mediamızın üzərinə düşən məsuliyyəti bir daha göz önünə qoyur. Bu gün Azərbaycan jurnalistikası həm Həsən bəy Zərdabi dühasından gələn o maarifçilik ruhunu yaşadır, həm də dövlətimizin milli maraqlarını qlobal informasiya cəbhəsində qətiyyətlə müdafiə edir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara operativ və qərəzsiz fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Səməndər Təhməzov,
YAP Masallı rayon təşkilatının fəal üzvü