AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pakistanın Pəncab əyalətinin Ali Təhsil Departamentinin Kitabxana və İnformasiya Elmləri şöbəsinin müdiri, Dr. Faiza Bəşir və Lahor Dövlət Kollec Universitetinin Dil, İslam və Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrasının dosenti Dr. Almas Xanım ilə görüşüb.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan ilə dost və qardaş Pakistan arasında müştərək elmi tədqiqatların aparılmasının, beynəlxalq konfransların, seminarların və digər elmi tədbirlərin təşkilinin mövcud əməkdaşlıq əlaqələrinin dərinləşməsinə mühüm töhfə verdiyini vurğulayıb. Həmçinin Lahor Dövlət Kollec Universiteti ilə elmi əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirən AMEA rəhbəri “Azərbaycan şairləri (qədim dövrlərdən müasir dövrədək)” mövzusunda yeni birgə ensiklopedik layihənin hər iki ölkənin elmi ictimaiyyəti üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Pakistanlı alimlər – Dr. Faiza Bəşir və Dr. Almas Xanım çıxış edərək AMEA ilə Lahor Dövlət Kollec Universiteti arasında birgə elmi layihələrin, qarşılıqlı təcrübə mübadiləsinin və akademik əlaqələrin hər iki ölkənin elmi potensialının inkişafına bundan sonra da mühüm töhfə verəcəyini qeyd ediblər.
Səfər çərçivəsində pakistanlı alimlər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da olublar. Qonaqlar institutda fəaliyyət göstərən Pakistan Ədəbiyyatı Mərkəzi ilə tanış olub, burada aparılan elmi tədqiqatlar barədə ətraflı məlumat əldə ediblər.