AMEA-da “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib
  • Cəmiyyət / Maraqlı

  • Fevralın 13-də AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib.

    Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən keçirilən elmi sesssiyanın elmi əhəmiyyətini qeyd edib. O, Əcəmi Naxçıvaninin 900 illiyinin “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etməsinin tarixi irslə müasir inkişaf strategiyalarının vəhdətini ifadə etdiyini, bu uyğunluğun Azərbaycan memarlıq ənənələrinin davamlılığını və aktual dəyərini bir daha nümayiş etdirdiyini vurğulayıb.

    Dövlətimiz tərəfindən Əcəmi Naxçıvaninin sənətinə, şəxsiyyətinə daim böyük diqqət göstərildiyini bildirən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli memarın 850 illik yubileyinin 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd edildiyini söyləyib. O, həmin il Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində keçirilən yubiley tədbirlərində iştirak etdiyini deyib.

    Akademik İsa Həbibbəyli, həmçinin Prezident İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” 22 may 2025-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə imzalanmış bu sənəd mühüm strateji əhəmiyyət daşıyır.

    AMEA rəhbəri Naxçıvan memarlığının şah əsərlərindən olan Möminə xatun türbəsinin birinci mərtəbəsində Atabəylər dövrünü əks etdirən muzeyin təşkil olunduğunu və Ulu Öndər Heydər Əliyevin həmin muzeyi ziyarət etdiyini vurğulayıb. Akademik İsa Həbibbəyli 2025-ci ildə özü tərəfindən həmin tarixi fotoların aşkar edilərək Əcəmi Naxçıvani haqqında məqalədə ilk dəfə çap edildiyini bildirib.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, Əcəmi Naxçıvaninin fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olub.  Naxçıvan şəhərindəki möhtəşəm abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Onun sözlərinə görə, Əcəmi memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi də Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biridir.

    Əcəmi Naxçıvaninin Azərbaycan mədəniyyət tarixinin ən parlaq simalarından biri olduğunu söyləyən AMEA rəhbəri onun irsinin memarlıqla məhdudlaşmadığını, obrazının təsviri sənətdə də əksini tapdığını bildirib. O, Əcəmi Naxçıvaninin təkcə böyük memar deyil, bütöv bir memarlıq məktəbinin banisi olduğunu vurğulayıb. Qeyd edib ki, Əcəminin parlaq irsi məktəb rolunu oynayıb, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərib.

    Akademik İsa Həbibbəyli AMEA-da Əcəmi Naxçıvani irsinin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, akademik Əbdülvahab Salamzadə XX əsrin ortalarından etibarən Əcəminin sənət dünyasını elmi əsaslarla açmağa müvəffəq olub. Naxçıvan memarlıq məktəbinin ilkin tədqiqatı onun adı ilə bağlıdır. Həmçinin Azərbaycan ədəbiyyatında Əcəmi Naxçıvaninin həyatı və sənəti müxtəlif janrlarda yazılmış bədii əsərlərin mövzusunu təşkil edib.

    Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Əcəmi Naxçıvani yaradıcılığının dünya memarlığına təsiri” mövzusunda məruzəsini təqdim edib. O, Naxçıvanda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib. Alimin məruzəsində Əcəmi yaradıcılığının təhlili təfərrüatı ilə diqqətə çatdırılıb. AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə dahi memarın yaratdığı kompozisiyaların, dekorativ bəzək üsullarının Azərbaycan memarlığı ilə bərabər Yaxın Şərq memarlıq tikililərinə təsirindən bəhs edib. Əcəmi yaradıcılığı üçün səciyyəvi olan ornament kompozisiyaların bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslandığını bildirib.

    Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Səkkiz əsrin şahidi: Əcəmi sənətinin möhtəşəmliyi”, Naxçvan Dövlət Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qəmbərovanın “Yaxın Şərq memarlığında Memar Əcəmi irsi” və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi Brilyant Cəfərlinin “Memarlıq dühası Əcəmi Naxçivani yaradıcılığında bəzi həndəsi ornamentlərin simvolik mənaları” mövzusunda məruzələri dinlənilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər