AMEA-nın Yer Elmləri Bölməsi 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib

AMEA-nın Yer Elmləri Bölməsi 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Yer Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

    Hesabatı AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev təqdim edib. Bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Konstitusiya və Suverenlik İli”, AMEA-nın Ümumi yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.

    Akademik İbrahim Quliyev qeyd edib ki, 2025-ci ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 15 problemi əhatə edən 44 mövzu, 56 elmi tədqiqat işi, 15 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş, 11 mövzu, 20 elmi-tədqiqat işi və 7 mərhələ başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 40-dan çox mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 43 elmi-tətbiqi iş yerinə yetirilmişdir. 

    Diqqətə çatdırılıb ki, nəticələr əsasən, Qarabağ və Şərqi Zəngəzur, Böyük Qayıdış, Xəzər dənizi akvatoriyasında karbohidrogen resurslarının qiymətləndirilməsi, qazkondensat yataqlarının işlənmə prosesinin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrinin, Xəzər dənizinin akvatoriyasında Günəş, külək və dalğa enerji potensialının məkan və zaman paylanmasının və bu enerji növlərinin istifadə texnologiyalarının araşdırılması, aktiv geodinamik proseslərin öyrənilməsi, Kür hövzəsində kosmik peyk məlumatları ilə izlənilmiş qırılma sürüşməsi, Azərbaycandan uzaq zəlzələlərin törətdiyi yer qabığı deformasiyası: neft-qaz və palçıq vulkanı sahələrinin aktivliyi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil dinamikasının tədqiqi, ölkənin su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi kimi aktual mövzuları əhatə edib. Alim vurğulayıb ki, süni intellekt texnologiyalarının tətbiq edilməsi əsasında karbohidrogen sistemləri və neft-qaz yataqlarının modelləşdirilməsi və rəqəmsal əkizlərinin yaradılması yolu ilə  Cənubi Xəzər hövzəsinin hərtərəfli geoloji və geofiziki modelini əks etdirən interaktiv rəqəmsal xəritələr toplusu olan, analitik modulları birləşdirən və transdissiplinar tədqiqatlar, elmi təhlillər və resursların davamlı idarə edilməsi üçün nəzərədə tutulmuş “Digital Caspian” interaktiv məlumat bazası hazırlanıb.

    Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycan Yer elmləri həm dünya üzrə, həm də aid edildiyi Şərqi Avropa ölkələri qrupunda mövqelərinin dinamik yüksəlişi son beş il ərzində davamlı və stabildir. Azərbaycanın geofizika elmi 2024-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 36-cı, geomühəndislik elmi 41-ci, geologiya elmi 47-ci mövqedədirlər.

    Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik İbrahim Quliyev hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 9 monoqrafiya (1-i xaricdə), 16 kitab və 6 dərslik, 264 məqalə (188-i xaricdə), 117 tezisin (78-i xaricdə) nəşr edildiyini, onlardan 115-nin “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, hesabat dövründə “Azərbaycanın Paleontoloji Atlası”, “Azərbaycanın Yer elmləri 80 illik zaman kəsiyində -  zəngin və şərəfli tarixin səhifələri”, “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar”, “Qarabağın turizm-rekreasiya potensialı”, “Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti”, “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” və s. qiymətli tədqiqat əsərləri ortaya qoyulub.

    O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti, elmin maddi-texniki bazasının yenilənməsi və informasiya təminatı sisteminin təkmilləşdirilməsi, konfranslar, seminarlar və yubileylər və digər məlumatları diqqətə çatdırıb.

    Daha sonra müzakirələr aparılıb, AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər