
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi və respublika elmi ictimaiyyətinin nümayəndələri oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 86-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyublar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmində böyük ənənələr qoyduğunu, AMEA-nın Şərqşünaslıq İnstitutunda ədəbiyyatşünaslıq istiqamətinin ən böyük nümayəndəsi olduğunu, bu istiqaməti elmi məktəbə çevirdiyini deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, sovetlər dövründə dövlət siyasətinin xaricdə olan mühacirlərə mürtəce, burjua kimi baxdığı bir zamanda professor Aida İmanquliyeva mühacirət ədəbiyyatını tədqiq edib, öz elmi ilə mürtəce buxovlarını qıraraq Azərbaycanda mühacirət ədəbiyyatı haqqında mükəmməl əsərlər yaradıb. Görkəmli alimin ərəb mühacirət ədəbiyyatı haqqında, xüsusən də Amerikada ərəb mühacirləri haqqında yazdıqları, nəşr etdirdikləri nəinki Azərbaycanda, Sovet İttifaqında nadir hadisələrdən idi.
"Sovet İttifaqı vaxtında mühacirət ədəbiyyatı məktəbinin yaradıcısı məhz professor Aida İmanquliyeva olub. Ondan sonra Azərbaycanda mühacirət ədəbiyyatı ancaq biz müstəqillik əldə edəndən sonra gündəmə gəldi. İlk dəfə mühacirət ədəbiyyatına həsr olunmuş konfrans yalnız 1999-cu ildə keçirildi, Ədəbiyyat İnstitutunda Mühacirət ədəbiyyatı şöbəsi 2014-cü ildə açıldı. Bütün bunlar Aida İmanquliyevanın sovet hakimiyyəti vaxtında nə qədər böyük işlər gördüyünün göstəricisidir", - deyə AMEA rəhbəri vurğulayıb.
Akademik İsa Həbibbəyli hal-hazırda Aida İmanquliyevanın ənənələrinin davam etdirildiyini, mühacirət ədəbiyyatı haqqında müxtəlif institutlarda tədqiqatlar aparıldığını, Şərqşünaslıq İnstitutunun bu sahədə çox böyük işlər gördüyünü, dəyərli tədqiqatlar apardığını, Aida xanıma həsr olunan tədbirlər təşkil etdiyini qeyd edib. Bildirib ki, vaxtilə 80-90-cı illərdə Aida xanımın açdığı yol bu gün elmin reallığına çevrilib. Alimin yeni davamçıları, ardıcılları yetişib. Bu gün Aida xanım elmi-mənəvi həyatını yaşamaqda davam edir.
AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanquliyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini deyib. Bir alim kimi Aida xanım İmanquliyevanın maraq dairəsinin geniş və çoxşaxəli olduğunu deyən Gövhər xanım onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini araşdırdığını söyləyib.
Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan akademik Gövhər Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəldiyini qeyd edib.
Aida xanımın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən G.Baxşəliyeva, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.
Daha sonra AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Odlar Yurdu Universitettinin rektoru professor Əhməd Vəliyev çıxış edərək Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığına böyük töhfələr verdiyini söyləyib, görkəmli alimin itkisinin təkcə şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.
Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Bəşarət Bəşirova Aida İmanquliyevaya həsr etdiyi şeirini diqqətə çatdırıb.


