Ümummilli Lider Heydər Əliyevin dövlət dilinə verdiyi dəyər

Ümummilli Lider Heydər Əliyevin dövlət dilinə verdiyi dəyər
  • Cəmiyyət

  • Azərbaycan xalqı üçün 1995-ci il əlamətdar bir tarix oldu. Məhz bu ildə xalqın ümumi iradəsini əks etdirən, müstəqil dövlətin hüquqi əsaslarını əks etdirən ilk Konstitusiya-Azərbaycan Respublikasının yeni əsas qanunu qəbul edildi. Bu mühüm sənədin hazırlanması və referendum yolu ilə təsdiq olunması Ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. Heydər Əliyev bu Konstitusiya layihəsinin ideya rəhbəri, hüquq-siyasi arxitektorudur. Onun təşəbbüsü ilə layihədə dövlət dili məsələsinə xüsusi yer ayrıldı və bu, Azərbaycan dili tarixində yeni bir mərhələnin başlanğıcına çevrildi.

    Konstitusiyanın 21-ci maddəsində açıq şəkildə göstərilib: ”Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan  Respublikası Azərbaycan dilinin inkişafının təmin edir. ”Bu ifadə sadəcə hüquqi norma deyildi-bu, xalqın milli kimliyinə, mənəvi dəyərlərinə, tarixi yaddaşına və suverenliyinə verilən dəyərin təzahürü idi. Heydər Əliyev bu maddənin əsas təşəbbüskarı olmaqla bir daha sübut etdi ki, Azərbaycan dövlətinin möhkəm təməli yalnız güclü iqtisadiyyat və ordu ilə deyil, eyni zamanda güclü milli-mənəvi sütunlarla mümkündür.

    Sovet dövründə rəsmi sənədlərin, mətbuatın, təhsilin əsasən rus dilində olması Azərbaycan dilinin inkişafına ciddi maneələr yaratmışdı. Müstəqillikdən sonra isə bu boşluğu doldurmaq, Azərbaycan dilinə onun layiq olduğu hüquqi statusu vermək zəruri idi. Heydər Əliyev bunu anlayaraq dövlətin ən ali hüquqi sənədində- Konstitusiyada bu məsələni birmənalı şəkildə təsbit etdi.

    Əlavə olaraq Konstitusiyada dövlətin Azərbaycan dilinin inkişafına zəmanət verməsi, bu sahədə həyata keçiriləcək siyasətin hüquqi əsaslarını da müəyyən etdi. Bu, gələcəkdə dil siyasəti sahəsində qəbul ediləcək qanunlar və sərəncamlar üçün bünövrə rolunu oynadı. Bu təşəbbüs nəticəsində bir çox mühüm sənədlər- “Dövlət dili haqqında” qanun, ”Orfoqrafiya lüğəti”nin yenilənməsi, ali məktəblərdə Azərbaycan dili fənnini möhkəmləndirilməsi, mətbuat və televiziya sahəsində dil normalarının qorunması kimi addımlar atıldı.

    Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, xalqın öz doğma dilində düşünməsi, yazması, danışması yalnız milli şüurun oyanması ilə deyil, həm də hüquqi zəminlə tənzimlənməlidir. Dövlət dili ilə bağlı irəli sürdüyü bu təklif yalnız müstəqil Azərbaycanın deyil, bütövlükdə türk və islam dünyasında milli kimliyə, dilə və mədəniyyətə dəyər verən siyasi lider obrazının bir nümunəsi kimi yadda qaldı.

    1995-ci il Konstitusiyası ilə dövlət dili məsələsinin hüquqi təsdiqi həm milli qürurun dirçəlməsi, həm də gələcək nəsillərin ana dili əsasında tərbiyə olunması üçün bünövrə yaratdı. Bu gün Azərbaycan dilinin dövlət qurumlarında, təhsil sistemində, mətbuatda və beynəlxalq münasibətlərdə fəal şəkildə işlənməsi məhz həmin tarixi qərarın nəticəsidir. 

     

    Şəkilə Xəlilova,
    Masallı rayon S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəb


    PAYLAŞ:

    Oxşar xəbərlər