
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans işə başlayıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə konfransı giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşması, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətindəki xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu strateji xətt uğurla davam etdirilir, milli-mənəvi irsin qorunması və dövlət-din münasibətlərinin inkişafı istiqamətində ardıcıl addımlar atılır. M.Əhmədzadə milli-mənəvi və tolerantlıq dəyərlərinin qorunması məqsədi ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Qeyd olunub ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında mühüm məsələlərin müzakirəsi və faydalı təcrübə baxımından keçirilən silsilə regional konfransların nəticələri barədə danışıb. Komitə sədri bildirib ki, Azərbaycan xalqı tarixən öz milli adət-ənənələrinə və dini dəyərlərinə bağlılığı ilə seçilib. Ölkəmizdə insanlara münasibət inancına, etnik-mədəni köklərinə görə deyil, onun vətəndaş kimliyinə görə formalaşır. Bu, dövlətin istinad etdiyi ideoloji sütunlardan biri olmaqla bərabər, həm də bütövlükdə cəmiyyətimizin ümumi konsensus əsasında formalaşan baxışlar sistemidir.
Ramin Məmmədov qloballaşmanın indi bir çox yeni imkanlar yaratdığı kimi, həm də yeni təhdidləri özü ilə bərabərində gətirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sosial, siyasi, iqtisadi, ictimai-mədəni sahələrdəki təzahür formaları qloballaşmanın bəzi hallarda ənənəvi dəyərlərlə ziddiyyət təşkil etdiyini göstərir. Lakin bu həm də müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin gücləndirilməsi üçün yeni mexanizmlər təqdim edən universal bir platformadır. Ona görə də biz qloballaşmanın təqdim etdiyi imkan və reallıqlarla milli-mənəvi dəyərlər arasında sərhədləri dəqiq müəyyən etməliyik.
Milli Məclisin deputatı Azər Kərimli Dövlət Komitəsinin regionlarda keçirdiyi konfransların aktual mövzulara həsr olunmasının əhəmiyyətinə toxunub. Daha sonra qloballaşmanın dini identikliklərə təsiri, dinin siyasətdəki rolunun artması barədə fikirlərini bölüşən millət vəkili din siyasətinin balanslı və inklüziv şəkildə qurulmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə Azərbaycanın yanaşmasının nümunəvi xarakter daşıması və İslam dəyərlərinə sadiq qalmaqla yanaşı, sekulyar və tolerant cəmiyyət modelini təqdim etməsi təqdirəlayiq haldır. Əsaı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yanaşma Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib. Bu siyasətin praktik nəticələrinin ölkəmizin bütün regionlarında, həmçinin Qax, Zaqatala və Balakəndə müşahidə etməyin mümkün olduğunu deyən A.Kərimli bu bölgədə müxtəlif xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib. Müxtəlif dini konfessiyaların nümayəndələri arasında illərdir formalaşan qarşılıqlı etimad mühitinin dinlərarası dialoqun real nümunəsi adlandırıb.
Qeyd edək ki, regional konfrans işini panel iclasları ilə davam etdirir.
