Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıq

Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıq
  • Cəmiyyət

  • Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, hörmətli energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen, hörmətli nazirlər, əziz qonaqlar, xanımlar və cənablar.Sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclaslarında salamlamaqdan böyük şərəf hissi duyuram. Bu toplantı həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimiz də növbəti mühüm mərhələdən xəbər verir. Mən bu uğura təkan verilməsində qətiyyətli rəhbərliyinə və güclü dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən böyük məmnunluq hissi ilə Prezident İlham Əliyevi açılış nitqi ilə çıxış etməyə dəvət edirəm. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışında söyləmişdir ki, Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Mən Brüsseldən gəlmiş qonağımızı xüsusi olaraq salamlayıram. Cənab komissar, xoş gəlmisiniz. İlk dəfədir ki, bu tədbirdə iştirak edirsiniz. Lakin hamımız bilirik və mən artıq qeyd etdim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir.

    Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq.

    Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
             
    Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. 

    İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir.Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır.
             
    Biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək.
             
    Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil.
               
    Beləliklə, düşünürəm ki, əgər belə bir mühüm məsələ öz həllini taparsa, onda hasilatçıların işi asanlaşar. Eyni zamanda, uzunmüddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.

                             


    Fərid Əyyubzadə,
    Banbaşı kəndi

    PAYLAŞ:

    Oxşar xəbərlər