
Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Tarixi münaqişələr və geosiyasi maraqlar bu regionun sabitliyinə daim mane olub. Cənab Prezidentin də qeyd etdiyi kimi, hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür.
Dünya nizamının dəyişməsi fonunda hər bir ölkə öz milli maraqlarını qorumaq üçün xarici təsirlərdən asılı olmadan qərar qəbul etməlidir. Dövlət başçımız müsahibəsində Azərbaycanın heç bir beynəlxalq təsisata və ya dövlətə arxalanmadan öz suverenliyini qoruduğunu və uğurlu nəticələr əldə etdiyini vurğulayır. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur.
Bütövlükdə qlobal dəyişikliklər dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Sözsüz ki, bu gün dünya iqtisadiyyatına ən çox təsir göstərən amil məhz Rusiya-Ukrayna müharibəsidir. Amma qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin iqtisadiyyata təsirləri müharibənin başladığı ilk dövrlər ilə müqayisədə xeyli dərəcədə azalıb.
Azərbaycan iqtisadiyyatına təsiri Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə Azərbaycan istehlak bazarında qiymət artımları ilə müşahidə olundu. Amma buna rəğmən Azərbaycan istehlak bazarında tarazlıq qorunub saxlanıldı. Hökumət tərəfindən həyata keçirilən tədbirlər imkan verdi ki, məhz müharibənin regional təsirləri, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmaq mümkün olsun.
Sabitliyin tam təmin olunması üçün münaqişələr yalnız atəşkəslə deyil, rəsmi sülh sazişləri ilə həll edilməlidir. Azərbaycan-Ermənistan münasibətləri buna nümunədir. İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də ölkələrimiz arasında sülh sazişi imzalanmayıb. Bu baxımdan, bölgədə uzunmüddətli sabitliyin yalnız rəsmi sazişlə təmin oluna biləcəyi aydın görünür. Bu yanaşma təkcə Cənubi Qafqaza deyil, Yaxın Şərq və Afrika kimi münaqişə zonalarına da şamil edilə bilər. Qarabağ münaqişəsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll edilməsi dünya üçün də əhəmiyyətli nümunədir.
Hazırkı dövrdə dünya sabitlikdən çox xaosa doğru gedir. Münaqişələr artır, qlobal siyasi və iqtisadi balans dəyişir. Azərbaycan isə realist yanaşma sərgiləyərək milli maraqlarına uyğun siyasət yürüdür. Sülh sazişləri olmadan sabitliyin mümkün olmadığını, beynəlxalq təşkilatların zəiflədiyini və ölkələrin öz taleyinin sahibi olduğunu qəbul etmək lazımdır. Geosiyasi transformasiya hələ yenicə başlayıb və yaxın illər bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək. Mühüm olan, baş verən dəyişikliklərə uyğun strategiya formalaşdırmaq və milli maraqları prioritet tutmaqdır.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi