“Dəmir yumruq”lu xalqın və onun liderinin davamçıları

“Dəmir yumruq”lu xalqın və onun liderinin davamçıları
  • Cəmiyyət

  • Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc kadrların hazırlanmasından, onların intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb.

    Ümummilli liderimiz Azərbaycan gəncliyinə müraciətlə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, inkişaf etdirənlərisiniz, biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan torpağını yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.

     Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərlə iş intensiv xarakter almışdır. Bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmışdır. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu gün ölkəmizdə gənclərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir. Ötən müddətdə aparılan  işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır.

    Hər bir ölkənin gəncləri həmin dövlətin gələcəyidir. Prezident İlham Əliyevin apardığı siyasətin təməlində də məhz gəncləşdirmə siyasəti durur. Son illərdə dövlət idarə orqanlarında, yerli icra hakimiyyətlərində, nazirliklərdə gəncləşdirmə siyasətini görürük. Müasir savadlı gənclik ölkənin gələcəyi deməkdir.

    Dövlət gənclər siyasəti hazırda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsini yaşayır. Möhtərəm Prezidentimizin diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir.Bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Müasir Azərbaycan gənci milli maraqlar uğrunda formalaşan, ölkəmizin bugünkü inkişafı və uğurlu gələcəyi üçün çalışan, elinə, obasına bağlı həmvətənlərimizin, ən əsası Vətənin bütövlüyü uğrunda sonadək mübarizə aparmaqla bizə qalib adını miras buraxan qəhrəmanların, “Dəmir yumruq”lu xalqın və onun liderinin davamçılarıdır. 

     Möhtərəm prezidentimiz gənclərə müraciətində demişdir:”Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.”

    Biz gənclərimizlə fəxr edirik.Yaşasın Azərbaycan gəncliyi!

     

                      
    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər