Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.
Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.
Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və bürokratları da il ərzində davamlı olaraq iclaslar keçirirlər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 7-yə çatıb, daha 2 dövlət — Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb. Türk Şurası ötən illər böyük inkişaf yolu keçib.
Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində Türk əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq daha da genişlənib.
Türk ölkələri silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu,beynəlxalq aləmin Azərbaycana böyük hörmətinin və dəstəyinin təzahürüdür.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zirvə görüşündəki çıxışında yaxın günlərdə Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkərək dedi: “Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Hörmətli Azərbaycan Prezidenti belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq”.
ƏFRAİL FƏRZİYEV,
MASALLI RAYONU
YAP VETERANI