Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometr, əhalisi isə 134 333 nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalmışdır. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilmişdir.
2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan etmişdir. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan azad edildi.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı.
Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri davam etdirilir, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.
Təməli 2021-ci il yanvarın 14-də atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeraportdan istifadə edirlər.
Qeyd edək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.
Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək. Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.
Səbinə Səlimova,
YAP Masallı Rayon Təşkilatının əməkdaşı.