Uzun illərin təcrübəsi onu göstərir ki, xalq öz müstəqilliyi, azadlığı üçün ayağa qalxarsa, qətiyyət nümayiş etdirərsə onun qarşısını heç bir ordu, heç bir qüvvə ala bilməz.Azərbaycan xalqının keçdiyi ağır həyat yolundan biri də qurtuluş gününə qədər olan dövrüdür.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri özbaşınalıqlar, qeyri qanuni hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.
Əgər həmin zamanlarda Heydər Əliyevin zərgər dəqiqliyi ilə seçilmiş siyasi addımları olmasaydı, ölkənin, xalqın düşəcəyi durumları təsəffür belə etmək olmazdı. Heç şübhəsiz ki, müstəqillikdən kənar əsarət altında bir aqibətin şahidi olacaqdıq.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.
Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü iqtisadiyyat modeli idi.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik nümayiş etdirmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə çevrilməsinə nail olmuşdur.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi