30 il ərzində xalqımız torpaq həsrəti ilə yaşadı,bu yolda əzmlə mübarizə apardı.İşğal altında qalan torpaqlarımız milli birliyimiz nəticəsində azad edildi və Böyük Qələbəmizin unudulmaz tarixini yaşadıq.Qəhrəman ordumuzun şücaəti nəticəsində arzularımız reallaşdı və biz o torpaqlara qayıtdıq.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə istədiyimizi əldə etdik.Çünki xalq-rəhbər –ordu birliyi gücümüzə güc qatıb bizi daha da yenilməz etdi. Biz ümumi ən böyük arzumuza çatdıq.
27 sentyabr tarixində müharibənin başlamasından bir neçə gün sonra oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var idi. Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bildik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı.Xatırladaq ki, ilk olaraq “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. Cəbrayılın azad olunması 2016-cı il aprel döyüşlərindən başlamışdı.
Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi mühüm iz qoydu Cəbrayıl tamamilə düşməndən azad edildi.Bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etməyə başladı.
Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzinə çevrildi. 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.Müharibədən illər əvvəl Cəbrayıl rayonundan məcburi didərgin düşən vətəndaşlarımız bu illər ərzində ümidini itirmədi.Onlar inanırdı ki, o torpaqlara qayıdacaqlar,həyat yenidən başlanacaq və dövlətimiz bu istiqamətdə bütün səylərini ortaya qoyub. Cəbrayıl rayonundan olan məcburi köçkünlərin 27 il davam edən qaçqınlıq həyatı boyunca onlar qələbə ümidi ilə yaşadı.
İlkin Quliyev,
YAP Masallı rayon təşkilatının əməkdaşı