Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı, müstəqilliyini tanıyan ölkələrdən biri də İtaliyadır. Bu əlaqələr tarixi köklərə,ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir.İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi açılmışdır. 1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. Azərbaycanla İtalya arasında diplomatik əlaqələrin qurulmasından 32 il ötür. Bu müddət ərzində iki ölkə arasında əlaqələrin inkişaf dimanikasında siyasi, iqtisadi və ticari münasibətlər ön sırada olub. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il isə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub.
Siyasi aspektdən məsələyə baxanda İtalyanın Azərbaycanın haqlı mövqeyinin dəstəklədiyinin şahidi oluruq. Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir. Möhtərəm Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycan-İtaliya strateji əməkdaşlığında yeni bir səhifə açdı.Əlaqələrin möhkəmləndirilməsi yalnız iki ölkənin deyil, böyük bir ərazilərinin maraqlarının təmin edilməsinə hesablanıb.
Möhtərəm Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında qeyd etmişdir:“Mən giriş sözümü ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başladım. Çünki bu onun götıricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.Geosiyasi vəziyyətə gəldikdə,- bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib,-əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.”
Ölkə Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri yeni bir mərhələnin əsasını qoymuş oldu. Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir və həm milli təhlükəsizliyimizin təmin edilməsi baxımından uğurlu mərhələnin yeni təməlini qoyacaqdır.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktrou