Prezident İlham Əliyev Özbəkistanda işgüzar səfərdə olmuşdur

Prezident İlham Əliyev  Özbəkistanda işgüzar səfərdə olmuşdur
  • Cəmiyyət

  • Avqustun 23-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.         
               
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında söyləmişdir ki, bu görüşün keçirilməsi təşəbbüsünə görə Özbəkistan Prezidentinə təşəkkür etmək istərdim. Qeyd edim ki, mənim praktikamda belə görüşlər heç vaxt olmayıb. Rəsmi səfərlər çərçivəsində biznes forumlarında iştirak etdiyim, yaxud xarici dövlət başçılarının səfərləri zamanı Bakıda biznes forumlarının keçirildiyi hallar olub, amma bir qayda olaraq onlar dövlət başçılarının hansısa qısa nitqlərlə müraciət etmələri ilə məhdudlaşıb, sonra çıxıb gediblər, biznes-forum isə öz axarı ilə davam edib. Prinsipcə, bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir. Ona görə də bundan başlamaq və Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin bu gün imzalanan sənədlərin, ilk növbədə, müttəfiqlik münasibətlərinə dair Müqavilənin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir.

    İndiyə qədər - bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Həm də bu, çox qısa müddət ərzində bizim birgə fəaliyyətimizin nəticəsidir. Biz Şavkat Miromonoviç ilə məsələləri dəfələrlə müzakirə etmişik və əldə etdiklərimizə sevinmişik, amma həmişə daha çox iş görə biləcəyimizlə bağlı həyəcan keçirmişik. Mən ikimizi deyil, bir çox illər əvvəl – 15 və ya 20 il öncə Özbəkistan və Azərbaycanı nəzərdə tuturam. İlk dəfə Prezident kimi Özbəkistana düz 20 il əvvəl - 2004-cü ildə gəlmişəm və həmin vaxt Özbəkistan hökumətinə az bir müddət əvvəl rəhbərlik edən Şavkat Miromonoviçlə tanış olmuşam. Onunla birlikdə Səmərqəndə getdik və beləliklə, həmin vaxt bizim dostluğumuz başladı. Amma özbək dostlarımız ozamankı vəziyyəti yaxşı bilirlər, həm siyasi dialoqu, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün imkanlar yox idi, onlar, demək olar ki, mövcud deyildi, sadəcə, onlar olmayıb. Bu gün bizim burada təqdim etdiyimiz 20 istiqamət üzrə yeni təşəbbüsləri, təbii ki, diqqətlə öyrənəcəyik. Bununla yanaşı deməliyəm ki, prezidentlər səviyyəsində təkcə biznes sahəsində deyil, iqtisadi-ticari sahədə qəbul edilən hər hansı bir qərarın yerinə yetirilmədiyi hal olmayıb.
                 
    Prezident İlham Əliyev eyni zamanda çıxışında söyləmişdir  ki, Bizim artıq investisiya proqramlarını müəyyən etdiyimiz sahələr – sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesidir. Bunlar işlərin artıq davam etdiyi yeganə istiqamətlər deyil. Daha bir əhəmiyyətli məqamı qeyd etmək istərdim. Bu, investisiyaların iki tərəfdən gəlməsidir. Deyək ki, bu, həmçinin Azərbaycanın praktikasında elə də tez-tez rast gəlinmir. Bir qayda olaraq, xarici investorlar Azərbaycanın neft-qaz sahəsinə maraq göstərir, digər sahələrdə xarici şirkətlərə gəldikdə, onlar Azərbaycanda əsasən iş müqavilələri almaq istəyirlər. Başqa sözlə desək, podratçı qismində çıxış etmək. Bu da yaxşıdır. Bizə yaxşı, ixtisaslı və vicdanlı podratçılar lazımdır. Amma bu, bizim təcrübəmizdə heç də istədiyimiz deyil, investisiyalar elə bil ki, paralel kursla daxil olur və bizim daha çox inkişaf etmiş sahələrimizi əhatə edir. Ona görə də bu sahədə münasibətlərimizin unikallığı, düşünürəm ki, həmçinin ictimaiyyətin, o cümlədən iş adamlarının böyük diqqətinə layiqdir. Son məqamda mən konkret layihələrin sadalanması ilə vaxtı çox almaq istəmirəm. Bu barədə çox danışmışıq. Bizim razılığa gəldiyimiz son məqam biznes layihələrinin informasiya dəstəyidir.

    Məsələn, Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olsun. Çünki bu gün biz bir növ aparıcı biznes strukturları ilə danışırıq, amma əminəm ki, öz müəssisələrini açmaq istəyən çoxlu sayda kiçik biznes, orta biznes nümayəndələri də olacaq. Ola bilər ki, onların sayı Xankəndidə tikiş fabrikində olduğu kimi min nəfərə çatmasın, cəmi 5 nəfər olsun. Əminəm ki, bu da, bugünkü səfər də, bizim danışdıqlarımız və imzaladıqlarımız da onlar üçün belə siqnal olacaq. Ona görə də nəyin baş verməsi, hansı imkanların olması, hansı iqtisadi sahələrin hökumət üçün prioritet təşkil etməsi haqqında informasiyalar nə qədər çox olarsa, iş adamları da bu istiqamətdə addımlayacaqlar. Birincisi, cəmiyyətlərimiz bir-biri haqqında daha çox informasiya alacaq, bu isə mütləq lazımdır, müttəfiqlər kimi buna nail olmalıyıq, həmçinin bu, biznes strukturları üçün də yaxşı oriyentir olacaq. Onlar biləcəklər ki, orada, məsələn, gəlir norması 20 faizdir, burada 15 faiz, başqa yerdə 25 faiz, yaxşı gəlir əldə etmək üçün bu sahə var. Ölkələrimizin potensialının çox böyük olduğunu və həmçinin investisiyaların qoyulması sahələrinin tamamilə geniş olduğunu nəzərə alaraq, əminəm, gəlir norması elə olacaq ki, onu başqa yerlərdə əldə etmək çətin ki, mümkün olsun.                                                                                 

           

                           

    Fərid Əyyubzadə,
    Banbaşı kəndi

                                                               

    PAYLAŞ:

    Oxşar xəbərlər