20 avqust 2024-cü il tarixdə Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı ilə Masallı Sənaye Məhəlləsində rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Sahibkar statistika ilə bağlı nəyi bilməlidir" mövzusunda təlimatı-müşavirə keçirilmişdir.
Müşavirədə Masallı Sənaye Məhəlləsinin direktoru Yaşar Məcidov tərəfindən sahibkarların diqqətinə Sənaye Məhəlləsinin fəaliyyəti haqqında məlumatlar çatdırılmışdır.
Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə çıxış edərək bildirmişdir ki, təlimatı-müşavirəni keçirməkdə məqsədimiz sahibkarların statistika sahəsində qarşılaşdıqları problemlərin öyrənilməsi və zəruri tədbirlərin görülməsidir.
Masallı Kob dostu Cavad Əzizov tərəfindən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatlar təqdim olunmuşdur.
Masallı Rayon Statistika İdarəsinin əməkdaşları (Ü.Məmmədov, S.İsgəndərli və E.Əliyev) tərəfindən statistikanın mahiyyəti, vəzifələri, prinsipləri izah edilmiş, hesabatların təqdim olunma dövriliyi və qaydaları göstərilmiş, statistik məlumatların təqdim olunmaması və ya təhrif edilərək təqdim edilməsi hallarında tətbiq ediləcək inzibati xətalar haqqında məlumatlar verilmiş, "sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair" elektron arayışın online əldə olunması yolları izah edilmişdir.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.